Xəbərlər
Ceyhun Bayramov: Aksiyanın məqsədi qeyri-qanuni fəaliyyətin qarşısının alınmasıdır
Son iki gün ərzində həm Ermənistanda, həm də bir sıra digər ölkələrdə Azərbaycana qarşı çoxsaylı qarayaxma kampaniyaları həyata keçirilir. Səfirlərlə görüşüb onlara məlumatlar vermək bizim üçün vacib idi. Çünki onlar real məlumatları birinci mənbədən əldə etməli idilər. Onların istənilən suallarının açıq və qeyri-formal vəziyyətdə müzakirəsini təşkil etdik.
Bu sözləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.
“İlk gündən deyilib ki, həmin aksiyanın məqsədi qeyri-qanuni fəaliyyətin qarşısının alınması, bununla bağlı olaraq səssiz qalmamaqdır. Heç bir humanitar məqsədli istifadə üçün Laçın yolunun bağlanmasından söhbət getmir. Dünən baş verən hadisələr bunun bir daha təsdiqi oldu. Dünən sosial mediada da paylaşıldı ki, bir neçə halda sülhməramlı kontingent həmin o yoldan istifadə etdi. Bunun üçün həmin etirazçılar, eyni zamanda, bizim yol polisimizin nümayəndələri insanlarla bir yerdə bu şəraiti yaratdılar”, - deyə Ceyhun Bayramov vurğulayıb.