YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə ilə Azərbaycan arasında iş birliyi bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Regionda sabitliyin, təhlükəsizliyin əsas qarantı olan Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi bütün məsələlərin həllində, yeni çağırışların həyata keçirilməsində öz sözünü deyir. Hər iki dövlətin siyasi iradəsi əsasında reallığa çevrilən layihələr regional əməkdaşlığın inkişafını daha da sürətləndirir. Bu layihələr əsasında regional əməkdaşlığın əsası qoyulub. Hər iki dost, qardaş ölkə daim haqqın, ədalətin, beynəlxalq hüququn yanındadır. Tarixi Zəfərimizdən sonra Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşamızın şahidliyi ilə imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərinin yeni mərrhələdə uğurla inkişafına yol açdı.

Dövlət başçısı İlham Əliyev postmünaqişə dövründə elə bir çıxışı yoxdur ki, Azərbaycan -Türkiyə birliyindən, ümumilikdə türk dünyasının həmrəyliyindən bəhs etməsin. Cənab İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda iştirakçıların suallarını cavablandırarkən bildirdi ki, Azərbaycan-Türkiyə münasibətləri haqqında danışmağa başlasam, biz onda gərək bir neçə gün burada olaq. Baxışlarımız tamamilə aydındır. Biz qardaş və dostuq. Biz müttəfiqik. Ötən il Şuşada artıq əldə olunan nəticələri rəsmiləşdirdik. Rəsmi olaraq Müttəfiqlik Bəyannaməsinə imza ataraq müttəfiqə çevrildik. “Bir daha bildirirəm ki, bu, reallığın rəsmiləşdirilməsi idi, çünki uzun illər ərzində Azərbaycan və Türkiyə müttəfiq kimi addımlar atırdılar. Biz əməkdaşlığın, tərəfdaşlığın və qardaşlığın bu səviyyəsini yüksək dəyərləndiririk. Tamamilə əminəm ki, əməkdaşlığımız bütün sahələrdə yalnız güclənəcək və bu, regional sabitliyin mühüm meyarıdır” söyləyən dövlət başçısı İlham Əliyev vurğuladı ki, Türkiyə ilə Azərbaycan arasında iş birliyi və onların birgə fəaliyyəti bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlib. Bu meyar hamı tərəfindən nəzərə alınmalıdır. Çünki iki ölkə olaraq biz öz potensialımızı birləşdiririk.

Müdafiə infrastrukturuna sərmayələr, ümumi təşəbbüslər, birgə hərbi təlimlər göz qabağındadır. Azərbaycanın Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimləri olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil olunub. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır.

Hazırkı dövrdə türk dünyasının birliyi prioritet məsələdir. Dövlət başçısı İlham Əliyevin türk dövlətlərinə, onların dövlət başçılarının Azərbaycana səfərləri münasibətlərdə yeni səhifə açıb. “Postpandemiya dövründə beynəlxalq səfərlər yenidən bizim həyatımızın bir hissəsinə çevriləndən sonra mən Mərkəzi Asiya ölkələrində çox vaxt keçirdim” deyən cənab İlham Əliyev onu da qeyd etdi ki, bu ilin aprelindən bu günədək üç dəfə Özbəkistanda səfərdə olub. Qırğızıstana dövlət səfəri edib. Bu ilin avqustunda Qazaxıstan Prezidenti Azərbaycanda rəsmi səfərdə oldu. Dövlət başçısı, həmçinin Türkmənistanda səfərdə olduğunu da vurğulayaraq bildirdi ki, gələn il Tacikistana səfər etməyi planlaşdırır.

Beynəlxalq təşkilatlar çərçivəsində də türk dövlətləri arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyev Türk Dövlətləri Təşkilatının sammitində çıxış edərkən təhlükəsizlik məsələsinə toxunduğunu xatırlatmaqla bildirdi ki, indi təhlükəsizlik bəlkə də hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq. Çünki dünya dəyişib, beynəlxalq hüquq işləmir və ya selektiv qaydada işləyir: “Ona görə də, əgər gücünüz, güclü ordunuz varsa, yaxşı müttəfiqləriniz varsa, o zaman özünüzü təhlükəsizlikdə hiss edə bilərsiniz. Bu səbəbdən, düşünürəm ki, bizim həyata keçirdiyimiz kommunikasiya layihələri regional təhlükəsizliyi və sabitliyi daha da gücləndirəcək və bunları həyata keçirmək üçün böyük imkan var.”

Azərbaycan türkdilli dövlətlərlə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur.

DİGƏR Xəbərlər Arxiv