YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Paris nə istəyir, yaxud “iki bədbəxt bir yerdə xoşbəxtdir” – TƏHLİL / VİDEO

Azərbaycanın Ermənistanla münasibətlərin tənzimlənməsinə dair mövqeyi aydın, konstruktiv və dəqiq olmaqla beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Ölkəmizin postmüharibə dövrü ilə əlaqədar yanaşması və təqdim etdiyi sülh gündəliyi beynəlxalq səviyyədə qəbul olunur, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün tərəflər arasında əldə olunan razılaşmaların icrasına çağırış edilir. Bəs İrəvan niyə Bakının sülh təşəbbüslərinə adekvat yanaşma sərgiləmir, beynəlxalq hüquqa məhəl qoymur?

Aydın məsələdir ki, bir neçə amil Ermənistanın dağıdıcı fəaliyyətinə stimul verir. Bunlardan biri bəzi xarici qüvvələrin, o cümlədən Fransanın proseslərə süni və qeyri-adekvat müdaxilə cəhdidir. Rəsmi Paris davamlı olaraq təxribat xarakterli addımları ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində, bölgədə sülh və əmin-amanlığın təminatında maraqlı olmadığını nümayiş etdirir. Son olaraq Fransa Parlamentinin aşağı palatası - Milli Assambleyada ölkəmiz əleyhinə bədnam qətnamə layihəsinin qəbul edilməsi də rəsmi Parisin ermənipərəst mövqeyinin, beynəlxalq hüquqa hörmət etmədiyinin, başqa dövlətlərin daxili işinə qarışdığının növbəti təzahürüdür. Bununla bir daha təsdiq olunur ki, Fransa bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında deyil.

Heç şübhəsiz, Fransa Senatı tərəfindən daha əvvəl qəbul edilmiş qətnamə kimi, bu sənəd həm də daxili auditoriya üçün nəzərdə tutulub. Yəni seçkilərdə erməni lobbisinin dəstəyini qazanmaq məqsədi daşıyır.

Bəs antiazərbaycan siyasət bu ölkəyə bir fayda gətirirmi? Birmənalı olaraq xeyr. Əvvəla, cəmiyyətin əksər hissəsi üçün erməni maraqları önəmli deyil. Fransada keçirilən sonuncu seçkilərdə erməni icmasının dəstək verdiyi namizədlərin topladıqları səslər bunu deməyə əsas verir. 

İkincisi, Fransanın erməni maraqlarına xidmət edən təxribatçı addımları bölgədəki vəziyyətə təsir etmək imkanına malik deyil. Doğrudur, münaqişə dövründə Parisin ermənipərəst mövqeyi status-kvonun qorunub saxlanması, Ermənistanın işğalçı siyasətinin davam etməsi və separatizmin hökm sürməsi kimi dağıdıcı məqsədlərə xidmət edib. Amma artıq Azərbaycan öz milli güc resursları vasitəsilə münaqişənin hərbi-siyasi yolla həllinə nail olub. Təcavüzkar Ermənistan məğlub ölkə kimi kapitulyasiya aktını imzalayıb. Fransa hakimiyyəti isə hələ də bu məğlubiyyətlə əlaqədar siyasi həzmsizlik sindromu yaşayır.

Əlbəttə, belə qeyri-konstruktiv mövqe və qərəzli yanaşma Fransanın öz maraqlarına ziddir. Parisin rasional dövlət ağlı varsa, reallığı qəbul və dərk etməlidir. Anlamalıdır ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan işğalçını cəzalandırıb və yeni reallıqlar yaradıb. Ölkəmiz regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması istiqamətində mövcud geostrateji reallıqlara uyğun və gələcəyə hesablanmış konkret addımlar atır. Bölgədə yeni geostrateji situasiyanın yaranması Avrasiyada beynəlxalq dialoq, inteqrasiya və əməkdaşlıq zəminində bir çox xalqlar və dövlətlər üçün əhəmiyyətli siyasi-iqtisadi dividendlər vəd edir. Fransa bu reallığı nəzərə almaqla praqmatik davranış sərgiləməli, strateji səhvlərə yol verməməlidir. Əks halda, bumeranq effektli siyasət bu ölkənin öz mənafelərini zərbə altına qoymuş olacaq.

İndi cılız geosiyasi ambisiyalar arxasınca qaçmaq əvəzinə, etiraf və qəbul etmək lazımdır ki, vaxtilə Afrika xalqlarının sosial-iqtisadi qanını sormaqla geostrateji immunitetini artıran Fransa indi beynəlxalq münasibətlər sistemində mənəvi qocalıq və tənhalıq dövrü yaşayan zəif siyasi orqanizm təsiri bağışlayır. Hələ də müstəmləkəçilik təfəkkürü ilə yaşayan qoca qitə vampiri son bir neçə il ərzində Yaxın Şərq və Şimali Afrikada özünü reabilitasiya cəhdləri baş tutmadıqdan sonra Qafqazda yeni mənfəət payı axtarır. Amma bu, tarixi eyforiya və siyasi taqətsizliyin vəhdətindən yaranan şüursuz eqosentrizmdir. Ona görə də Paris nəzərə almalıdır ki, artıq yeni dövrdür və XXI əsrin üçüncü onilliyində bir sıra bölgələrdə, o cümlədən Qafqazda strateji mənzərəni hansısa müstəmləkəçi dövlətin mürtəce siyasəti təyin etmir. Cənubi Qafqazda isə geosiyasi tarix Azərbaycanın təqvimi, saatlar isə Bakı vaxtı ilə müəyyən olunur.

Amma görünən odur ki, Paris doğru zamanda yanlış məkanda olmaq ənənəsindən əl çəkə bilmir. İndi Makron ilə Paşinyan “iki bədbəxt bir yerdə xoşbəxtdir” fransız atalar sözünə sadiq olduqlarını sübut etməyə çalışırlar. Necə deyərlər, görünən dağa bələdçi lazım deyil, yaxud doğru sözə nə hacət?!