YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünənin, bu günün və sabahın partiyası

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirildi. Təsis konfransında partiyanın Nizamnaməsi və Proqramı qəbul edildi. Konfransda böyük tarixi şəxsiyyət, siyasət fenomeni Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədr müavinləri seçildi. Bu, tarixi hadisə idi. Nə qədər böyük tarixi əhəmiyyət daşıdığı isə illər keçdikcə daha aydın, daha dəqiq şəkildə təsdiqləndi. Ölkə ictimaiyyətinin mütləq əksəriyyəti yeni siyasi qüvvəni – Yeni Azərbaycan Partiyasını (YAP) birmənalı şəkildə qəbul etdi. Azərbaycanın ən ağır günlərində yaranan YAP zamanın partiyası kimi fəaliyyətə başladı. Bu siyasi təşkilat xalqın partiyası idi, gələcəyin partiyası idi. Ona görə də milli ruhun siyasi təcəssümü kimi fəaliyyət göstərdi.

Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi YAP qısa müddət ərzində cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. Bu dahi şəxsiyyət partiyanı sürətlə inkişaf etdirdi və özünün ifadə etdiyi kimi, «dünənin, bu günün və sabahın partiyası» səviyyəsinə ucaltdı.

Azərbaycan xalqı YAP-ın xalq yönümlü fəaliyyətini görür və yüksək qiymətləndirirdi. Partiya çox qısa zamanda cəmiyyətin başlıca siyasi təsisatlarından biri olmağı bacardı. Onun siyasi platforması dövlətçiliyin əsasları, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi, sosial ədalət və milli mentalitet dəyərləri ilə səsləşir. Bu siyasi təşkilat əqidə və inkişaf partiyasıdır.

YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən və əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev YAP-ın VII qurultayında demişdir: «Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq».

2021-ci il martın 5-də YAP-ın VII qurultayında qəbul edilmiş qərarla partiyanın yeni Nizamnaməsi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və yeni qurum olaraq 35 nəfərlik Veteranlar Şurası təsdiq edildi. Hazırda YAP-ın yüz minlərlə üzvü var. Bu, böyük rəqəm və böyük qüvvə deməkdir.

Yeni Nizamnaməyə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il martın 5-də Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin olunub. Bu təyinat yüksək etimadın, həmçinin Azərbaycanın dövlət siyasətində qadına verilən dəyər və diqqətin bariz nümunəsidir. Mehriban xanım Əliyevanın timsalında azərbaycanlı qadının fəal ictimai-siyasi, vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.

YAP-ın ideoloji mahiyyəti dövlətə və dövlətçiliyə sədaqət üzərində qurulub. Partiyaya aid olan bu tezislər onun hər bir üzvü üçün mütləq yerinə yetirilməli vəzifədir. Dövlətə və dövlətçiliyə sədaqət hər bir partiya üzvünün ilk öhdəliyidir. Yüz minlərlə üzvü olan partiyamız xalqın partiyası kimi yaradılıb. Buna görə də iqtidarla xalq arasında həmişə səmimi dialoq mövcud olub.

VII qurultayda qəbul olunmuş qərarlar YAP-ın “iqtidar–xalq” modelinin real işə düşdüyünü nümayiş etdirdi və milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlanğıcını qoydu. YAP xalqın iradəsinin ifadəçisi kimi cəmiyyətin problemlərinin həllində ideoloji sipər funksiyasını yerinə yetirib. Ən böyük problem torpaqların işğalı idi və YAP bu işğalı sonlandırmağı dövlət qarşısında əsas vəzifə elan etmişdi. Bu istiqamətdə həyata keçirilən tədbirlər həm ölkənin xarici siyasətini gücləndirdi, həm də ordunun qüdrətini artırdı. Prezident seçkilərindən sonra cənab İlham Əliyevin müəyyənləşdirdiyi siyasi proqram mərhələlərlə uğurla icra edildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu torpaqlarımızın işğalına son qoydu.

Yeni Azərbaycan Partiyasının qəbul etdiyi 5 fəsildən ibarət yeni proqram dövlətçilik baxımından daha gərəkli fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Bu Proqramda Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı kimi istiqamətlər əsas götürülmüşdür.

YAP dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühitini başlıca şərt hesab edir. Açıq və etibarlı münasibətlərin möhkəmlənməsinə xidmət edən islahatlar ölkədə formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar–müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi ölkə başçısının dövlət siyasətinin əsas göstəricilərindən biridir.

Noyabrın 21-i ümummilli ideyaların daşıyıcısı olan YAP-ın təsis konfransının keçirilməsinin 33-cü ildönümüdür. Artıq YAP hər ili uğurlarla qarşılayan bir xalq partiyası statusundadır.