YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz Laçına qayıtdıq

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Torpaqlarımızın işğaldan azad edildikləri tarixləri qeyd edərkən şanlı  Zəfərimizə gedən yoldan, 44 gündə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə göstərdiyi qəhrəmanlıqlardan bəhs etməmək mümkünsüzdür. 44 günlük İkinci Qarabağ müharibəsinin qəhrəmanları olan şəhidlərimiz qanları, canları ilə tarix yazdılar. 44 gündə 30 ilin işğalına son qoyulması Azərbaycanın gücünün, qüdrətinin, rəşadətli Ordumuzun döyüş ruhunun, xalqımızın birliyinin təqdimatı oldu. Xalq-Prezident-Ordu birliyi, həmrəyliyi bir daha təsdiqləndi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşdi.  Müzəffər Ali Baş Komandan İlham Əliyev  nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd azad edildi. Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri  üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdi.  44 günlük Vətən  müharibəsi xalqımızın Liderinə  güvəninin təqdimatı kimi də tarixə yazıldı.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. Bu tarixi günün qeyd edilməsi üçün keçilən yolu təhlil etdikcə Ordumuzun döyüş ruhunun, Qələbə əzminin nə qədər böyük olduğunu görürük. Azərbaycanın torpaqlarını azad etməyə hazırlıq işlərinin tərkib hissələrindən biri məhz gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, torpaq, Vətən sevgisinin aşılanması idi. Azərbaycan gəncliyi göstərdikləri qəhrəmanlıqları ilə Vətənə, torpağa bağlılıqlarını nümayiş etdirdilər.

İki ildir işğaldan azad edilən digər torpaqlarımız kimi, Laçın rayonu da həyatının yeni dövrünü yaşayır. Qeyd etdiyimiz kimi, dövlət başçısı İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin-qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması ilə bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurd-yuvalarına  qayıtmasına imkan yaranıb. "Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq "Qaçqınkom"a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq" söyləyən  Prezident İlham Əliyev çox keçmədi ki bu paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Zabux və Sus kəndləri Laçın şəhərinin mərkəzinə yaxın məsafədə yerləşir. Zabux inzibati ərazi vahidi kimi 4 kəndi - Zabux, Sus, Qızılca və Bəylik kəndlərini özündə birləşdirir. Vaxtilə bu kəndlərin heç birində erməni əhalisi yaşamayıb. Bu ərazilər 1992-ci ildə Ermənistan silahlı quldur birləşmələri tərəfindən işğal olunandan sonra Suriyadan, Livandan köçürülən ermənilər üçün yeni evlər tikilmiş, burada qanunsuz məskunlaşdırılma aparılmışdır. Bu isə hərbi cinayətdir, qanunsuz məskunlaşma Cenevrə  konvensiyalarının ciddi şəkildə pozulmasıdır.  

Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri on illərlə davam edən işğal müddətində qanunsuz məskunlaşdırılan erməni faşizmindən azad olunub. Onu da qeyd edək ki, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verilmədən öncə,  noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi.

2020-ci il noyabrın 26-da  “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv