Xəbərlər
Nazir: Azərbaycan Orta Dəhliz boyunca bağlantıların gücləndirilməsi istiqamətində uğurlu layihələr icra edir
Alternativ enerji mənbələrindən istifadə sahəsində geniş potensiala malik ölkə kimi Azərbaycanın bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinə əhəmiyyət verir.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Varşavada keçirilən “Bölgədə yeni reallıqlar: Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının və davamlı sülhün perspektivləri” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Son dövrlərdə bölgədə və dünyada baş verən hadisələr fonunda enerji təhlükəsizliyinin artan əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Alternativ enerji mənbələrindən istifadə sahəsində geniş potensiala malik ölkə kimi Azərbaycanın bu sahədə əməkdaşlığın inkişaf etdirilməsinə əhəmiyyət verdiyi qeyd olunub, bu xüsusda cari ilin iyul ayında Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov Şərq-Qərb Orta Dəhlizi boyunca bağlantıların gücləndirilməsi istiqamətində Azərbaycanın bir sıra uğurlu layihələr icra etdiyini, Vətən müharibəsindən sonra nəqliyyat-kommunikasiya yollarının bərpası istiqamətində işlər həyata keçirildiyini diqqətə çatdırıb. Eyni zamanda, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndi çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirməsinin vacib olduğu, bölgədə bütün nəqliyyat və kommunikasiyaların açılmasının inkişafa mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.