Xəbərlər
ADU-da partiyanın 30 illiyi qeyd olunub
Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla qeyd edib ki, 30 il böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ulu öndər Heydər Əliyev hələ Naxçıvanda fəaliyyət göstərərkən Yeni Azərbaycan Partiyasının ilkin təməl prinsiplərini müəyyən etmişdir. Azərbaycanın parlaq gələcəyinin təminatı məhz ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması idi. Onun rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası bu gün öz işinin öhdəsindən layiqincə gəlir. Sevindirici haldır ki, partiyanın sıralarında gənclərin sayı çoxdur. Gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşib ölkənin inkişafına, tərəqqisinə öz töhfələrini verməkdə davam edirlər.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında partiya üzvlərinin sırasında məhz ADU-nun tələbələrinin kifayət qədər aktiv olduğunu vurğulayıb. Bildirilib ki, YAP Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir.
ADU-nun dosenti Qorxmaz Mustafayev “Yeni Azərbaycan Partiyası: xalqı birləşdirən partiya” mövzusunda çıxış edib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası işıqlı gənclərin, ziyalıların, bütün təbəqədən olan insanların inandığı və dəstəklədiyi partiyadır. Xalqın birliyini özündə əks etdirən, hər bir vətəndaşın yanında olan bir partiya kimi ölkədə dərin hörmət qazanmağı bacarmışdır.
Dosent Ələddin Əliyev YAP-ın yaranma tarixindən, inkişafından söhbət açıb, partiyanın ictimai-siyasi həyatda oynadığı rolu xüsusi vurğulayıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası çox çətin ictimai-siyasi bir dövrdə təsis olunub və keçən dövr ərzində də xalqımızın etimadını doğruldub.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Lamiyə Namazova “Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu” mövzusunda çıxış edib, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin ictimai-siyasi həyatında fəaliyyətini, Təhsil-2 fakültəsinin tələbəsi Jalə Eyvazova isə “Yeni Azərbaycan Partiyası və Azərbaycan gəncliyi” mövzusunda çıxışında gənclərin rolunu və dövlətin gənclər siyasətini diqqətə çatdırıb.
Tədbirin sonunda yaxşı oxumaqla bərabər, ictimai fəallığı yüksək olan tələbələrə YAP Nəsimi rayon təşkilatı tərəfindən təşəkkürnamələr təqdim olunub.