YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Şərq Tərəfdaşlığı Proqramı ciddi böhran keçirir

«Avropa İttifaqı Riqada Şərq Tərəfdaşlığı sammitini keçirməklə bu proqramın ittifaq üçün hələ də əhəmiyyət kəsb etdiyini bildirmək və bu layihəyə dəstəyini təkrar ifadə etmək istəyir. Bu sammitin keçirilməsini həm də Azərbaycan, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanın daxil olduğu Şərq Tərəfdaşlığı Proqramını xilas etmək cəhdi də adlandırmaq olar». Bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Avropa İttifaqının bu layihəsi ciddi böhran keçirir və gələcək perspektivi şübhə altındadır. Belə ki, Ermənistan və Belarus şərq tərəfdaşlıq proqramının prinsip və məqsədləri ilə ziddiyyət təşkil edən Rusiyanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə qoşulmaqla faktik olaraq bu layihədən çıxmış oldular. Azərbaycan isə ərazi bütövlüyünün dəstəklənməsi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin dəyişdirilməməsi kimi həyati əhəmiyyət daşıyan müddəaların Avropa İttifaqının təklif etdiyi assosiasiya sazişində nəzərə alınmamsına etiraz əlaməti olaraq bu sənədi imzalamaqdan imtina etdi. Onun sözlərinə görə, proqramın iştirakçısı olan 6 ölkə içərisində yalnız Azərbaycana qarşı ayrı-seçkilik və ədalətsizlik edilib və milli maraqlarımız Avropa İttifaqı tərəfindən nəzərə alınmayıb.

«Buna isə təəssüflənməmək və üzülməmək mümkün deyil. Ona görə ki, ölkəmiz 2009-cu ildə bu təşəbbüsə qoşulanda ümid edirdik ki, Avropaya inteqrasiya yolunu tutmuş Azərbaycanın etdiyi bu strateji seçim Brüssel tərəfindən adekvat qiymətləndiriləcək və milli maraqlarımızın təminatında Avropa İttifaqından haqq etdiyimiz dəstəyi ala biləcəyik. Biz həm də ona görə belə düşünürdük ki, bütün təhdidlərə və risklərə rəğmən Azərbaycan Avropa İttifaqını alternativ enerji ilə təmin edən və götürdüyü beynəlxalq öhdəliklərə tam sadiqlik nümayiş etdirən yeganə tərəfdaş ölkədir. Təəssüf ki, bu gözləntilər özünü doğrultmadı və tam əksinə, bir çox hallarda ölkəmizə qarşı haqsızlığın, qərəzli mövqeyin və ikili standartların şahidi olduq»- deyə, A.Quliyev qeyd edib.