Xəbərlər
Prezident İlham Əliyev: Ermənistan sülh istəyirsə, çox təhlükəli ritorikadan əl çəkməlidir
Biz Ermənistan tərəfinin əməllərini sözlərlə deyil, addımlarla ölçməliyik. Çünki onların dedikləri sözlər etdikləri əməllər və ya planları ilə ziddiyyət təşkil edir. Bununla bağlı, bilmirəm, siz Ermənistan rəhbərliyindən birbaşa cavab almışınız, yoxsa yox. Mən şübhə edirəm, çünki onlar bu ikimənalılığı saxlamaq istəyir və bu isə heç də fayda gətirmir.
Bu fikirləri Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirib.
“Eyni zamanda, əgər bu ölkə sülh istəyirsə, onda o, çox təhlükəli ritorikadan əl çəkməlidir. Bu yaxınlarda Ermənistan rəsmiləri Azərbaycanı İŞİD və “Əl-Qaidə” ilə müqayisə etmişdilər. Fikrimcə, bu, çox təhlükəli ritorikadır. Birincisi, onların özləri İŞİD və “Əl-Qaidə” kimi hərəkət etmişdilər. Avropa İttifaqının səfirləri azad edilmiş ərazilərə baş çəkmişdilər. Ermənilər tarixi və dini irsə İŞİD və “Əl-Qaidə”nin eynilə etdiyi kimi yanaşmışdılar. Biz yox, onlar. Onlar terror aktları törədiblər. Onlar soyqırımı törədiblər. Onlar bizim məscidləri uçurublar. Biz yox”, - deyə dövlətimizin başçısı vurğulayıb.