Xəbərlər
Prezident: Biz Azərbaycanda erməni azlığına aid məsələlərin sülh sazişinə salınmasına razılıq verməyəcəyik
Biz tam anlayırıq ki, iki yol olmalıdır və onlar bir-birinə qarışmalı deyil. Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir.
Bu barədə Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
ABŞ-ın dövlət katibi Blinken ilə dünənki telefon danışığında sülh məsələsinin bir daha müzakirə edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik”.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan üçün Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və Ermənistan bunun sonunun necə olduğunu yaddan çıxarmamalıdır.