Xəbərlər
Böyük Qayıdış reallaşır
Hikmət Babaoğlu
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Tarixi zəfərimizdən sonra milli-strateji vəzifə kimi qarşımızda duran ən mühüm məsələlərdən biri xalqımızın üzün illərdir gözlədiyi Böyük Qayıdışın reallaşdırılmasıdır. Bu çətin, mürəkkəb ancaq eyni zamanda müqəddəs bir vəzifədir. Artıq iki ildir ki, bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya, enerji və infrasturktur layihələri həyata keçirilib və keçirilməkdir. Ancaq bunun dövlət proqramı çərçivəsində həyata keçirilməsi zərurəti var idi ki, Azərbaycan Prezidenti məhz bu zərurəti nəzərə alaraq “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət Proqramı” haqqında Sərəncam imzaladı. Sərəncamda Böyük Qayıdış 5 milli prioritetimizdən biri kimi səciyyələndirilərək mərhələli şəkildə proqramın icrası ilə bağlı konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur. Proqram üzrə icraçılar müəyyənləşdirilərək konkret vəzifələr nəzərdə tutulur eyni zamanda, görülən işlərlə bağlı qiymətləndirmə aparacaq qurum müəyyənləşdirilir. Bu tədbirlər konkret vaxt və qrafik əsasında aparılaçağı üçün məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək.