Xəbərlər
Prezident İlham Əliyev Avropa İttifaqı ilə yeni sazişin imzalanmasını ləngidən səbəblərdən danışıb
Azərbaycan Şərq Tərəfdaşlığı qrupuna daxil olan nadir ölkədir ki, öz strateji hədəfinə həqiqətən nail olub. Beləliklə, bu, yaxşı platformadır və biz onu Avropa İttifaqı ilə sazişimizin müzakirəsi üçün təməl hesab edirik.
Bu barədə Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
“Saziş üzərində iş uğurla, lakin ləng gedir. Uğurla gedir ona görə ki, sazişin bəndlərinin 90 faizi razılaşdırılıb. Ləng gedir ona görə ki, orada hər iki tərəfdən siyasi iradə tələb edən və necə deyərlər, ilişib qaldığımız məsələlər var. Azərbaycanda bununla bağlı müəyyən narahatlıqlar var, çünki bizim imzaladığımız və ya imzalamağı planlaşdırdığımız hər hansı saziş bizə və tərəfdaşlarımıza əlavə fayda verməlidir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan tərəfinin orta və ya uzunmüddətli perspektivdə iqtisadi çətinliklər yarada biləcək hər hansı bir sənədi imzalamayacağını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Ləngiməyə səbəb olan bəndlər iqtisadiyyat, ticarət və bəzi digərləridir. Mən prosesin sürətləndirilməsi ilə bağlı nümayəndə heyətimizə artıq təlimat vermişəm və hesab edirəm ki, sazişin yekunlaşdırılması üçün fürsət var. Zənnimcə bu, bizim əməkdaşlığımız üçün daha bir mühüm nailiyyət olacaqdır”.