Xəbərlər
İran bizimlə hədə-qorxu dilində danışmamalıdır
“Azərbaycanın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi, mehriban qonşuluq əlaqələrinin gücləndirilməsi mühüm yer tutur. Dövlətimiz İran İslam Respublikası ilə münasibətlərinə də məhz bu prinsiplərlə yanaşıb. Amma təəssüf ki, son zamanlar İranın sərgilədiyi mövqe dostluq və mehriban qonşuluq siyasətinə uyğun gəlmir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Millət vəkili bildirib ki, İran İslam Respublikası ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Bu da təsadüfi deyil. İranda təxmini 30 milyon azərbaycanlının yaşadığını nəzərə alaraq bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Amma İran ölkəmizin bu xoşməramlı siyasətinə adekvat cavab vermir. Bu ölkə din amilindən öz xarici siyasətinin aləti kimi istifadə edir, İslam təəssübkeşi kimi çıxış etsə də, amma sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür. Əgər belə olmasaydı, İrana məxsus KİV-lərdə əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycana qarşı davamlı olaraq “ideoloji mübarizə” aparılmazdı. Bundan əlavə, İran yenə də Azərbaycan dövlətinin daxili işlərinə qarışmağa başlayıb və ölkəmizdə süni problemlər yaratmaq üçün müxtəlif cəhdlər göstərib. Ölkəmizdə İranın müxtəlif dairələri “din pərdəsi” adı altında respublikamızın ərazisində dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə çalışırlar. Təsadüfi deyil ki, Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatların nəticələri də bunu sübut edir.
Pərvin Kərimzadə qeyd edib ki, İran İslamın düşməni olan Ermənistanla sıx münasibət qurmaqla öz simasını göstərir. Məlumdur ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu 30 il ərzində bu ərazilərdə bütün infrastruktur, mədəniyyət, dini obyektlər, vətəndaşlara və dövlətə məxsus mülklər dağıdılıb, təbii sərvətə ölçüyəgəlməz zərər vurulub. İşğal altında olmuş ərazilərimizdəki məscidlərdə ermənilər donuz saxlayıblar. Amma İranın rəsmi şəxsləri heç vaxt Ermənistanı buna görə ittiham etməyiblər. Budurmu İslam dəyərlərinə ehtiram? Əksinə, İran 30 ilə yaxın bir müddətdə erməni işğalında olan ərazilərimizin talan olunmasında iştirak edib, həmin ərazilərdə mövcüd olan infrastruktur sökülərək İrana satılıb. Ermənistan Azərbaycanın işğal edilmiş Qarabağ ərazilərinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəklədiyi yük maşınları ilə yanacaq və silah daşıyıb. Həmçinin, Azərbaycanın İranla sərhəddə yerləşən, işğal altında olan ərazilərinə bu illər ərzində faktiki olaraq SEPAH nəzarət edib. Qərb mətbuatının məlumatlarına görə, Tehran uzun müddət bu marşrutdan Əfqanıstandan son təyinat məntəqəsinə - Avropaya qanunsuz narkotik trafiki üçün istifadə edib. İranda dövlət nömrə nişanlı yük maşınları sürən İran qaçaqmalçıları açıq şəkildə narkotik maddələri Araz çayı üzərindən Qarabağa və arxa giriş vasitəsilə Avropaya daşıyıb. Bu barədə aparıcı dünya mediasında kifayət qədər materiallar dərc edilib.
İran Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra yenidən aqressiv ritorikasını bərpa edib, təhdid dolu bəyanatlar səsləndirməyə başlayıb. Dövlət sərhəddində keçirilən hərbi təlimlərin də məqsədi Azərbaycana hədə-qorxu gəlməkdən ibarətdir. Bu gün İran Ermənistanın ən fəal dəstəkçilərindən birinə çevrilib ki, bu da ən azı İslam dəyərlərinə, beynəlxalq hüquqa hörmətsizlikdir. Çünki Ermənistan həm İslam dəyərlərini tapdayan, həm də beynəlxalq hüququ tapdayaraq işğalçı siyasət yürütmüş ölkədir. Əgər İran haqq və hüquqdan danışırsa ilk növbədə, bu məsələlər diqqət yetirməli, o cümlədən bu ölkədə yaşayan 30 milyondan çox azərbaycanlının fundamental haqlarını təmin etməlidir. Rəsmi Tehran bunu da unutmamalıdır ki, Azərbaycan güclü dövlətdir və güclü beynəlxalq tərəfdaşları var. Ona görə də, bizimlə hədə-qorxu dilində danışmamalıdır!