Xəbərlər
Türk birliyi daha da güclənəcək
Abbas Əliyev
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri
Azərbaycan daim türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Artıq Türk dünyası böyük bir ailədir. Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.
Bu baxımdan, Prezident İlham Əliyevin noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü böyü əhəmiyyət kəsb edir. Xatırladaq ki, Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib. Belə ki, aprel ayında Daşkəndə dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü baş tutub. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxıb.
Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Cənab Prezident Sammitdə çıxışı zamanı daha bir önəmli məsələyə toxundu. Dövlətimizin başçısı vurğuladı ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir: “Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır”.
Digər vacib məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev çıxışında 30 illik erməni işğalının nəticələri haqqında ətraflı məlumat verdi. İşğaldan azad edilmiş ərazilərimizdə hazırda böyük quruculuq işləri gedir. Türkiyə şirkətləri bu prosesdə yaxından iştirak edir. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşa olunması da Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın nümunəsidir. İnanırıq ki, zaman keçdikcə türk birliyi daha da güclənəcək!