YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilən Şuşa

Azər Süleymanov

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Azərbaycanın çoxəsrlik tarixinə yeni açılmış səhifə olan 2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun Zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etməsi milyonlara insana qələbəmizin sevincinin yaşatdı. Şanlı tariximizə çevrilən Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini, yenilməzliyini və birliyini bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edilməlidir, müstəqil dövlət kimi Azərbaycan bütün ərazisinin sahibi olmalıdır, öz sərhədlərinə tam nəzarət etmək hüququna nail olmalıdır.

2020-ci ilin noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində Şuşanın azad olunduğunu bildirdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Artıq Zəfərimizdən, Şuşanın işğaldan azad olunması tarixindən iki il ötdü. Tarixi bir gündə noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfər günü münasibəti ilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışı zamanı bildirdiyi kimi. "Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər".

Alınmaz qala kimi tariximizdə iz salan Şuşanın azad olunması qələbəmizi təmin etmiş oldu. "Şuşasız bizim qələbəmiz yarımçıq olacaq. Əminəm, Azərbaycan xalqı yaxşı anladı ki, bizim son məqsədimiz, müharibənin son məqsədi Şuşanı işğaldan azad etməkdir. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən, ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir", - deyə cənab Prezident bildirib.

Müzəffər Azərbaycan ordusu və onun sərkərdəsi cənab İlham Əliyev 2020-ci ilin noyabrın 10-da xalqa müraciət edərək. artıq münaqişəyə son qoyulduğunu bildirdi. "Sentyabrın 27-də - müharibənin birinci günündə altı kənd azad olunanda Azərbaycan xalqı daha da inandı ki, biz istədiyimizə nail olacağıq, tarixi missiyamızı yerinə yetirəcəyik", - deyən Prezident 44 gün ərzində yalnız irəli gedərək, Şuşanın işğaldan azad olunması günə qədər bir çox şəhər və kəndlərimizin, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edildiyini bildirib: "Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Faktiki olaraq, müharibənin ilk günlərindən Ermənistan təşviş içində idi, bəzi hallarda panikaya qapılırdı, isterikaya qapılırdı. Məhz buna görə də Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur, onların özlərinin etirafıdır. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir".

Azərbaycan Ordusu müasir hərbi texnologiyaları döyüş şəraitində uğurla tətbiq etməklə, Ermənistanın Qarabağdakı bütün hərbi infrastrukturunu və hərbi texnikasını sıradan çıxardı. Qəhrəman Azərbaycan Ordusu döyüş meydanında böyük şücaət, qəhrəmanlıq göstərərək, düşmən üzərində qələbə çaldı. Təbii ki, bu uğurlu yolda neçə-neçə oğullarımız canlarından keçdi, şəhidlik zirvəsinə yüksəldilər. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı.

Dövlət başçısı çıxışında Ermənistana öz sərt mesajlarını da çatdırmış oldu: "İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il "Fərrux" əməliyyatı, "Qisas" əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır".

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olundu və bu gün yeni bir yüksəliş dövrü başlayıb. Şuşa şəhərində, eləcə də işğaldan azad olunan bütün ərazilərimizdə quruculuq-abadlıq işləri davam etdirilir. Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhərində infrastruktur layihələr icra olunur. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Qarabağımız, Şərqi Zəngəzurumuz yenidən qurulur və bu bizi daha uğuru işıqlı sabaha doğru aparır.