Xəbərlər
Kürdəmirdə YAP-ın yubiley tədbirləri keçirilir
Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Ayaz Cəbrayılov Yeni Azərbaycan Partiyasının 30 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğu bildirilib. Vurğulanıb ki, Ümummilli Liderin zəngin irsi əsasında və Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artıb.
Partiya veteranı Mehrab Abdurahmanov, şəhid anası Simuzər Bağıyeva çıxışlarında qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib. Bu gün hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.
Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən partiya fəallarına fəxri fərmanlar təqdim olunub.