YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Bütün hüquq və azadlıqlarımız Konstitusiyanın tələbləri əsasında qorunur

Konstitusiya ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı

“Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən biri də müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanmasıdır. Ümummilli Liderin  “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” fikirləri demokratik prinsiplərin dövlətimizin siyasətinin əsasını təşkil etdiyini bir daha nümayiş etdirirdi.  Ulu öndər Heydər Əliyev bildirirdi ki, demokratiya strateji kursumuzun əsas mahiyyətini təşkil edir və heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ümummilli Liderin rəhbətliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə  27 il bundan əvvəl qəbul olunan Konstitusiyamız dövlətçiliyimizin əsaslarının yaradılmasında əhəmiyyətli rol oynadı.  Hər bir tarixi hadisəni, bayramları qeyd edərkən müasir müstəqil Azərbaycanımızın keçdiyi inkişaf yoluna nəzər salmağa böyük zərurət duyulur. Müstəqilliyimizin bərpasının ilk illərində yaşanan durum hər birimizin yaddaşında qalmaqda, çoxəsrlik tariximizdə qara səhifə kimi yer almaqdadır.  1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlətçiliyimizin əsasları yaradıldı. Ulu öndər Heydər Əliyev Azərbaycanı yenidən qurdu və bu əminliyi ifadə etdi ki, bu çətin günlər keçib gedəcək və hər kəs belə bir qüdrətli dövlətin vətəndaşı olduğu üçün qürur hissi keçirəcək. Bir mühüm məqamı da xüsusi qeyd edək ki, Ümummilli Lider ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı “91-lər”in müraciətinə “Yeni müstəqil  Azərbaycan uğrunda” cavabında müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirmişdi. Bildirmişdi ki, müstəqilliyimizin möhkəmləndirilməsi,  milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, geniş planlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir. Əgər hər hansı bir ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirlərsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki,  ilk Konstitusiyamızın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq ulu öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü kimi qeyd edilir: “Konstitusiya ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə ümdə vəzifə olaraq qoydu.”

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunub: “İnsan hüquq və azadlıqlarının qorunması dövlətimizin siyasətinin əsasını təşkil edir. Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları öz əksini tapıb.”

“Həmrəylik prinsipi müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır” söyləyən Vüqar Rəhimzadə bildirib ki, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək dövlətimizin daha da qüdrətlənməsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər:  “Azərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Dövlət başçısı İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında da bu məqama xüsusi diqqət yönəldərək bildirmişdir ki, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir: “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur: “Yeniliyə, təkmilləşməyə daha çox maraq göstərən və bunu atdığı addımları ilə təsdiqləyən Azərbaycan  dövləti həyata keçirdiyi təkmil islahatlarla dünyanın diqqətindədir. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması da uğurlu siyasətimizin, həyata keçirilən təkmil islahatların nəticəsidir. Dövlət başçısı İlham Əliyev islahatlar prosesinin qaçılmaz olduğunu bildirir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, cəmiyyətin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında əhəmiyyətli rol oynayan   qanunlarımız  da dəyişməz hesab edilmir, dövrün, zamanın tələblərinə uyğun təkmilləşir, yeniləşir. Əsas Qanunun təkmilləşməsinə xidmət edən Konstitusiyaya əlavə və dəyişikliklər də davamlılığı ilə diqqət çəkir. Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib.  Həmin referendumla Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə edir. Dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin  müəyyənləşdirilməsinə, bir qismi isə idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edir.”

Vüqar Rəhimzadə qeyd edib ki,  2016-cı ildə Konstitusiyamıza edilən əlavə və dəyişikliklər sırasında vitse-prezidentlik institutunun yaradılması xüsusi əhəmiyyət kəsb etdi: “Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin həyatında yeni bir mərhələnin başlanğıcı oldu.”

“Azərbaycan demokratik, hüquqi və sivil dövlətdir. Ölkəmizin demokratik təsisatların inkişafı istiqamətində atdığı davamlı addımlar beynəlxalq səviyyədə də təqdir edilir. Tarixi günlərdə, bayramlarda əfv sərəmcamlarının imzalanması və amnistiya aktlarının qəbulu dövlətimizin insan amilinə verdiyi dəyərin, humanizm prinsiplərinə sadiqliyinin bariz nünunəsi kimi qeyd edilir. Bütün hüquq və azadlıqlarımız Konstitusiyanın tələbləri əsasında qorunur, müdafiə edilir. Bu gün  qalib Azərbaycanın hər bir vətəndaşından   üzərinə düşən vəzifəni layiqincə yerinə yetimək, Konstitusiyanın tələblərinə əməl etmək tələb olunur”,-deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

DİGƏR Xəbərlər Arxiv