Xəbərlər
Azərbaycan üçün tarixi bir gün
Ceyhun Məmmədov
Milli Məclisin deputatı
10 Noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkəmiz üçün tarixi günün olduğunu, imzalanmış üçtərəfli bəyanatın Ermənistan-Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son nöqtə olacağını bildirdi.
Bu Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu öz gücünü bütün dünyaya sübut edərək, onlarda yaranmış Ermənistan ordusunun məğlubedilməzliyi fikrini altüst etdi və işğal olunmuş torpaqlarımızı geri qaytardı.
İstər müharibə zamanı, istərsə də postmüharibə dövründə Azərbaycan danışıqlar masası arxasında istədiyinə nail ola bildi, Ermənistanı 10 noyabr tarixli Bəyanatı imzalamağa məcbur etdi. Bütün bu uğurlu strategiyanın ən başlıca səbəbi isə Azərbaycanın İlham Əliyev kimi güclü liderə, Ali Baş Komandana sahib olmasıdır.
Azərbaycan Ordusu II Qarabağ müharibəsi zamanı döyüş meydanına yeni reallıqlar gətirdi. Artıq Azərbaycanın apardığı hərbi əməliyyatlar, əldə etdiyi qələbələr dünya ölkələri tərəfindən təcrübə kimi öyrənilir. Günü-gündən inkişaf edən ordumuz artıq dünyada öz sözünü deyə bilən ordulardan birinə çevrilir.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanla Naxçıvan arasında yeni kommunikasiya əlaqələrinin yaradılması, Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən geri qaytarılması, sərhədlərin delimitasiyası məsələsində razılıq əldə olunması və digər qeyd olunan bəndlərin icra olunması Azərbaycanın tarixi uğurudur.