YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Dövlət rəmzi kimi üçrəngli Bayrağımızın qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Elçin İsmayılov

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyev Dövlət bayrağının milli birliyimizi formalaşdıran əsas amillərdən biri olduğunu vurğulayaraq belə demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.” Ümummilli Liderimizin bu sözləri 2020-ci ilin sentyabr-noyabr aylrında Şanlı Azərbaycan Ordusunun Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı və tarixi Qələbə ilə baça vurduğu II Qarabağ müharibəsinin gedişində dəfələrlə öz təsdiqini tapdı. Məhz milli birlik və həmrəylik nəticəsində əldə edilmiş bu qələbə sayəsində bu gun Azərbaycanın işğaldan azad olunmuş bütün ərailərində müqəddəs üçrəngli bayrağımız dalğalanır.

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən, milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Bu qərar Dövlət bayrağına göstərilən yüksək ehtiramın ən bariz təzahürüdür.

Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilərək həmin iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Müstəqil Azərbaycanın Dövlət rəmzi kimi üçrəngli Bayrağımızın qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.

Bu gün Azərbaycanın Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, bu gün isə Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində dövlət bayrağımız dünyanın ən mötəbər təşkilatlarının qarşısında, ən mühüm beynəlxalq tədbirlərdə dalğalanır.

İki il bundan əvvəl Şanlı Ordumuz 44 gün ərzində Vətən torpaqlarını düşməndən addım-addım təmizləyərək hər kənddə, hər şəhərdə üçrəngli bayrağımızı ucaltdı. Bu gün möhtərəm Prezidentimizin yürütdüyü düşünülmüş, qətiyyətli və uğurlu siyasətin məntiqi nəticəsi olaraq müstəqil Azərbaycan dünyanın ən güclü, ən qüdrətli ölkələrindən birinə çevrilib, özünün ərazi bütövlüyünü bərpa edib. Bu tarixi Qələbə milli birliyimizin, həmrəyliyimizin sayəsində əldə olunub. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il yanvarın 15-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı və hərbçilərlə görüşdə qeyd etmişdir: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”. Möhtərəm dövlət başçımız azad olunmuş bütün ərazilərimizdə Dövlət bayrağını şəxsən dalğalandırmaqla bizim bu torpaqlara qayıdışımızın əbədi olduğunu bir daha bütün dünyaya bəyan etdi.

DİGƏR Xəbərlər Arxiv