Partiya xəbərləri
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyədə səfərdədir
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə qardaş ölkə Türkiyəyə səfər edib.
Səfər çərçivəsində YAP nümayəndə heyəti Prezident Rəcəb Tayyib Ərdoğanın ictimaiyyətə açıqlayacağı “Türkiyənin yüz ili” təqdimat proqramında iştirak edəcək.
Eyni zamanda, nümayəndə heyətinin rəhbəri Tahir Budaqovun AK Parti Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş və AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala ilə görüşü olacaq.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Türkiyə xaricindən bu tədbirə dəvət edilmiş yeganə siyasi təşkilatdır. Bu dəvət Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi olmaqla bərabər, YAP-AK Parti əlaqələrinin yüksək səviyyəsinin təcəssümüdür.
Nümayəndə heyətində Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov da təmsil olunurlar.