Partiya xəbərləri
YAP-ın təsis edilməsinin 30-cu ildönümü Ucar rayonunda qeyd olunub
Oktyabrın 26-da Yeni Azərbaycan Partiyasının (YAP) Ucar rayon təşkilatı tərəfindən rayon Heydər Əliyev Mərkəzində partiyanın təsis edilməsinin 30 illiyi münasibəti ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ucar rayon Şəhidlər Xiyabanını və ümummilli lider Heydər Əliyevin Ucar rayonunun mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.
Sonra Ucar rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, noyabr ayının 21-də müstəqil dövlətimizin ictimai-siyasi həyatında müstəsna yer tutan Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü tamam olur. Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol barədə danışan Ş.Abdullayeva vurğulayıb ki, 1993-cü ilin iyununda Azərbaycan xalqı öz tarixi müdrikliyini sübut edən bir qərara imza ataraq Heydər Əliyevi hakimiyyətə dəvət etdi və bununla da müstəqil Azərbaycan dövlətinin tarixində yeni və uğurlu bir mərhələ başlandı. Yeni Azərbaycan Partiyası Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsində, inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən milli məqsədlərin reallaşdırılmasında, yeni hədəflərin müəyyənləşdirilməsində və ən əsası, tarixi Zəfərimizin qazanılmasında misilsiz xidmətlər göstərib.
Çıxış edən Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov deyib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, qəbul etdiyi dövlət proqramları, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrinin inkişafı ilə nəticələnmiş, Azərbaycan nəinki regionda, beynəlxalq səviyyədə qəbul edilən nüfuzlu, qüdrətli dövlətə çevrilib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov çıxışında partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, ulu öndər Heydər Əliyevin xalq və dövlət qarşısında göstərdiyi misilsiz xidmətlərindən danışıb. Vurğulayıb ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.
Çıxış edən YAP İdarə Heyətinin üzvü Bayram Aslanov söyləyib ki, bu gün ümummilli lider Heydər Əliyevin yaratdığı tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilməkdədir. Qeyd edib ki, dünyada baş verən qlobal dəyişikliklərin və maliyyə böhranının, qarşıdurmaların Azərbaycanın iqtisadi inkişafına, ictimai-siyasi sabitliyin qorunmasına, nəzərdə tutulan iri layihələrin reallaşdırılmasına ciddi təsir etməməsi həyata keçirilən strategiyanın məntiqi nəticəsidir. Azərbaycan gələcəyini özü müəyyən edən, tam şəkildə müstəqil siyasət yürüdən nadir ölkələrdəndir.
Tədbirdə Ucar rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Qazyan kənd 1 nömrəli tam orta məktəbin müəllimi Yaqut Zeynalova, YAP Ucar rayon təşkilatının məsləhətçisi, şəhid Məmmədov Qadir Aslan oğlunun övladı Yusif Məmmədov çıxışlarında bildiriblər ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvünün qarşısında duran əsas vəzifə qazanılmış nailiyyətləri qorumaq və möhkəmləndirmək, Heydər Əliyev ideyalarına sədaqətlə xidmət etməkdən ibarətdir.
Sonda rayon təşkilatının həyatında fəal iştirak edən bir qrup partiya üzvlərinə fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqəsi təqdim olundu.