Xəbərlər
Daha güclü Azərbaycan naminə!
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor
2003-cü il oktyabrın 1-də Azərbaycan dövlətinin memarı və qurucusu, bütün ömrünü Azərbaycan xalqının rifahına həsr etmiş ümummilli lider Heydər Əliyevin xalqa tarixi müraciəti oldu. Ulu öndər Heydər Əliyev prezident seçkilərində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi. Ulu öndər çıxışında Azərbaycan xalqını özünün siyasi varisi, dünya siyasətini gözəl bilən, yüksək intellektli, qətiyyətli və praqmatik düşüncəli bir şəxsiyyət olan İlham Əliyevə səs verməyə çağırdı. Ulu öndər İlham Əliyevə özü qədər inandığını, İlham Əliyevi güclü siyasətçi olmaqla yanaşı dövlətini, xalqını sevən və lazım gələrsə xalq yolunda canını belə verməyə hazır olan insan olduğunu bildirmişdi. Ulu öndər bütün fəaliyyəti dövründə xalqa arxalanırdı və xalq da Heydər Əliyevə inanırdı. Xalqımız çox gözəl bilirdi ki, dövlətimizi gələcək inkişafa, vətəndaşlarımızı rifaha aparan yol Heydər Əliyev yoludur və İlham Əliyev bu siyasi kursun, bu yolun ən layiqli davamçısı olacaq. 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının böyük əksəriyyəti, 76 faizdən çoxu, prezident seçkilərində İlham Əliyevə səs verdi. Bu Heydər Əliyev siyasi kursuna, İlham Əliyevə böyük inama verilən səs idi. Xalqımız öz seçimində yanılmamışdı. Prezident İlham Əliyev Azərbaycan dövlətini zirvələrə qaldırdı, dünyada söz sahibinə malik bir dövlətə çevirdi.
Prezident seçildiyi ilk illərdən etibarən cənab İlham Əliyev iqtisadiyyatda, səhiyyə, təhsil sistemində, ordu quruculuğunda böyük irəliləyişlərə nail oldu. Müasir, dünya standartlarına uyğun yüzlərlə xəstəxana, minlərlə məktəblər inşa edildi. Gələcək nəsillərimizin sağlam böyüməsi, dünya idman arenalarında idmançılarımızın Azərbaycan bayrağını yüksəklərə qaldırması məqsədilə ölkəmizin demək olar ki, bütün regionlarında olimpiya idman kompleksləri inşa etdirildi.
Neft-qaz sənayesinin inkişafında cənab İlham Əliyev böyük layihələrə imza atdı. Trans-Anadolu, Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə başlanıldı. Bununla da ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başladı. Xəzər dənizinin Azərbaycana aid olan sektorunda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlənilməsi və pay bölgüsü haqqında yeni saziş imzalandı. Bununla da Azərbaycan həm də dünya enerji sənayesində də həlledici rol oynadı.
Bakı-Tbilisu-Qars dəmir yol xəttinin çəkilişi də məhz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Bu dəmir yol xətti Asiya və Avropanı birləşdirən bir nəqliyyat dəhlizi oldu. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Asiyadan Avropaya və geriyə milyon tonlarla yük daşınır.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi ilə Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına nail olundu. Prezident İlham Əliyevin həyata keçirdiyi neft-qaz strategiyası, eləcə də yeritdiyi məqsədyönlü, müdrik xarici siyasəti nəticəsində Avropa İttifaqı və bir çox Avropa dövlətləri ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında istər siyasi, istərsə də iqtisadi sahələrdə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın təbii qazı Avropaya ixrac olunur.
Məhz Prezident İlham Əliyevin ölkə daxilində həyata keçirdiyi iqtisadi islahatlar, eləcə də güclü xarici siyasəti nəticəsində Azərbaycan bu gün tək regionda deyil, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmişdir.
Prezident İlham Əliyevin ölkə iqtisadiyatında qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi böyük layihələr Azərbaycan iqtisadiyyatının daha da gücləndirilməsinə təkan verdi. Cənab İlham Əliyev dövlət büdcəsini neft asılılığından azad etdi. Qeyri-neft sektorundan gələn gəlirlərin həcmi hər il artmaqdadır. Azərbaycan dünyada çox az dövlətlərdəndir ki, gəlirləri xarici borcları dəfələrlə üstələyir. Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatların uğurla həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan artıq kredit alan yox, digər dövlətlərə kredit verən bir dövlətə çevrilmişdir.
Azərbaycanda elə bir sahə yoxdur ki, inkişaf etdirilməsin. Prezident seçildiyi ilk vaxtlardan cənab İlham Əliyev gənclərin sağlamlığına, təlim-tərbiyəsinə böyük diqqət ayırdı. Gənclərimiz sağlam olmaqla yanaşı beynəlxalq yarışlarda Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirməklə ölkəmizi tanıtdırırlar. Ölkə başçımız hər zaman Azərbaycanlı gənclərə inandığını bildirir. Bu gün gənc, istedadlı demokratik düşüncəli gənclərimizə böyük etimad göstərilir, onlar dövlət idarəçiliyində, icra orqanları strukturlarında rəhbər vəzifələrə təyin olunurlar.
Prezident İlham Əliyev ölkəmizdə yaratdığı müasir nəqliyyat, logistika, infrastrukturu sayəsində Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşağının mərkəzinə çevrilmişdir. Şərqlə Qərbi birləşdirən bu orta nəqliyyat dəhlizinə bir çox Avropa və Asiya dövlətləri böyük maraq göstərir. Artıq bu marşrut xətlərilə yükdaşımaların həcmi hər il artmaqdadır. Bu da tranzit ölkə olaraq Azərbaycan iqtisadiyatına böyük gəlir gətirməklə yanaşı Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunu artırır.
Prezident İlham Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərindən bəhz edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Cənab İlham Əliyev Azərbaycanda siyasi dialoqun əsasında milli həmrəyliyimizin təməlini yaratdı. Siyasi plüralizmin dəstəklənməsi çoxpartiyalı sistemin inkişafı ölkəmizdə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.
Cənab İlham Əliyevin daxili və xarici siyasətinin prioritetini Azərbaycanın güclü dövlətə çevrilməsi və Azərbaycan xalqının rifahının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. İlham Əliyevin yeritdiyi müstəqil, balanslaşdırılmış siyasəti nəticəsində Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.
Azərbaycanın müstəqill parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə müxtəlif siyasi partiyalar qanunverici orqanın rəhbərliyində təmsil olundu. Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri vəzifələrinə müxalif siyasi partiyaların nümayəndələri seçilmişdilər. Prezident İlham Əliyev ölkədə siyasi plüralizmin inkişafına böyük dəstək göstərir. Qərargahı olmayan 25 siyasi partiya üçün müvafiq yerlər ayrılmışdır. Ötən müddət ərzində 32 siyasi partiya qurultaylarını keçirmiş və nəticələri dövlət geydiyatına alınmaqla, fəaliyyətlərində legitimlik təmin edilmişdir. Prezident İlham Əliyev bütün dünya Azərbaycanlarının qürur duyduğu Azərbaycan adlı güclü bir dövlət yaratdı.
İlham Əliyevin güclü lider olması da sübut olunub. Prezident seçildiyi 19 il ərzində cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu gün dünyada belə dövlət başçısına çox az rast gəlmək olar.
Cənab İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın dünyada siyasi və iqtisadi imkanları möhkəmlənib. Bu gün regionda həyata keçirilən beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə reallaşdırılır.
30 il işğal altında olan torpaqlarımız İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində işğaldan azad edildi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin olundu. İlham Əliyev ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, xalqımızın kimliyini, qürurunu özünə qaytarmış oldu. Qloballaşan dünyada adət-ənənələrimizin qorunub saxlanılması, milli dəyərlərimizə sadiqlik, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi İlham Əliyevin xalq qarşısında əvəzsiz xidmətlərinin nəticəsidir. Bu gün Azərbaycan İlham Əliyevin yaratdığı multikulturalizm, tolerantlıq dəyərləri bütün dünyada nümunə göstərilir. İlham Əliyev Azərbaycanda yaşayan bütün millətləri bir ideya, azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Bu məmləkətdə yaşayan dinindən, dilindən asılı olmayaraq hər kəs azərbaycanlı olması ilə fəxr edir.
Cənab Prezident ölkənin iqtisadi potensialının artırılması yönümündə həyata keçirdiyi siyasət nəticəsində ÜDM dəfələrlə artmışdır. İlham Əliyev Azərbaycanda "neft kapitalını" " insan kapitalına" çevrilməsinə dair strateji nəzəriyyə yaratdı. Bu gün Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir. Bu sektorda ixrac potensialımız hər gün artmaqdadır. Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yeridən strateji və etibarlı müttəfiq dövlət imicini qazanmışdır. Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi cənab İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzundan xəbər verir.
Prezident İlham Əliyev ölkədə ordu quruculuğuna xüsusi diqqət ayırır. Prezident hər zaman Ermənistanla müharibəyə hazır olmalıyıq fikrini səsləndirirdi. Ermənistan rəhbərliyi Azərbaycana qarşı yeni torpaq iddiaları irəli sürürdü. Bu səbəbdən İlham Əliyev All Baş Komandan olaraq Azərbaycanda güclü, müasir ordu yaratdı. Bu ordu özləri üçün "məğlubedilməz ordu" imici yaratmış erməni ordusunu 44 günə darmadağın etdi. İlham Əliyevin bacarıqlı sərkərdə olması ilə də çox qürur duyuruq.
Yeni Azərbaycan Partiyası İlham Əliyevin sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün YAP regionda ən güclü və nüfuzlu partiyaya çevrilmişdir. YAP-ın bu gün 800 minə yaxın üzvü var. Bunlar vətəndaşlarımızın YAP-a və onun sədri cənab İlham Əliyevə olan etimadının göstəricidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoyuldu. Müharibədə böyük Zəfər qazandıq. Artıq Qarabağa "Böyük Qayıdış" planı reallaşmaqdadır. Artıq keçmiş məcburi köçkünlərimiz də öz yurdlarına mərhələli şəkildə dönməkdədir. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası və dirçəldilməsi ilə Azərbaycan cənab İlham Əliyevin başçılığı altında daha güclü bir dövlətə çevriləcək.