YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ədalətli sülhün tərəfdarıdır

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Oktyabrın 13-də Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ölkə başçımız vurğuladı ki, İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il əvvəl Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi. 30 il idi ki, Ermənistan torpaqlarımızı işğal etmiş, həmin ərazilərdə misli görünməmiş vandalizm aktları törətmişdilər. İşğal dövründə şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılmış, təhqir və talan edilmişdir. Bir sözlə, erməni vandalizmi əsla sərhəd tanımamışdır. Bundan əlavə, Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib. Birinci Qarabağ müharibəsindən sonra 3900-ə yaxın Azərbaycan vətəndaşının taleyi haqqında hələ də məlumat yoxdur. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. İşğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqlar aşkar olunması Ermənistanın müharibə cinayətlərini sübut edən mühüm faktlardır. Prezident İlham Əliyev bu məsələyə diqqət çəkərək Ermənistanın itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə Azərbaycana məlumat təqdim etməli olduğunu xüsusilə qeyd etdi.

Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Qarabağ münaqişəsinə son qoymaqla bərabər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını da özü təmin etdi.

Zirvə Toplantısında Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bu ağır problemə baxmayaraq, Aazərbaycan “Böyük Qayıdış”a artıq başlayıb. Belə ki, ərazilərin minalardan təmizlənməsi ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı bərpa-quruculuq işləri aparır ki, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıtsınlar. Qayıdış prosesi artıq başlanıb və keçmiş məcburi köçkünlər mərhələli formada öz doğma   el-obalarına qayıdırlar.

Przident İlham Əliyev Zirvə Toplantısında onu da bildirdi ki, Qarabağ münaqişəsi həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir. Ermənistan tərəfindən belə təxribat cəhdi bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur olub. Bütün bu təxribatlara görə məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Ermənistandan fərqli olaraq Azərbaycan isə ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. Təbii ki, Azərbaycanın məqsədi Cənubi Qafqazda, ümumilikdə regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasıdır. Məhz bunun üçün ölkəmiz öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Regionun hərtərəfli inkişafına töhfə vermək üçün Azərbaycanın çox böyük real imkanları, eləcədə güclü potensialı vardır.

Zirvə Toplantısındakı çıxışında Prezident İlham Əliyev bu əsasda Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələrinin ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirdiyini diqqətə çatdırdı. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi düşünlmüş siyasət də məhz Azərbaycanla yanaşı regionun inkişafına nail olmağa xidmət edir. Artıq Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibidir. Ölkəmizin BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik etməsi buna bariz nümunədir. Azərbaycanın bu təsisatda  sədrliyi üzv ölkələrin yekdil qərarı əsasında əlavə olaraq daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb. Zirvə Toplantısındakı çıxışında bu mövzuda danışarkən Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradıldığını diqqətə çatdırdı. Həmçinin COVID-19-dan sonrakı dünya ilə bağlı fikir mübadiləsi aparmaq və Hərəkatın mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti il üçün Azərbaycan tərəfindən yüksək səviyyəli iclasının keçirilməsi təklifi irəli sürülmüşdür. Bir sözlə, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstərir.