Xəbərlər
Dağıdıcılıqla quruculuq missiyası arasındakı fərqin əyani təzahürü
Mirsüleyman Mirxaslı
YAP Cəlilabad rayon təşkilatının sədri
Dövlətimizin başçımızın Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışını izləyirdim. Sövqi-təbii ilə Mao Tsze Dunun “Dağıntı olmasa, quruculuq da olmaz” fikrini xatırladım. Kifayət qədər mübahisəli cümlədir. İstər dünyada, istərsə də ölkəmdə dağıntı olmadan da xarüqələr yaradıldığının minlərlə örnəyi var. Amma bu cümləni sıradan biri işlətməyib. Nə demək istəyib, hansı dağıntını, hansı quruculuğu nəzərdə tutub? Bunu anlamaq üçün Çinin yaxın tarixinə, Maonun o cümləni işlətdiyi dövrün reallıqlarına nəzər salmaq lazım idi.
Çin kənardan işğala məruz qalmamışdı, ancaq Qomindan ilə Kommunistlər arasında 23 il (1927—1950) davam edən vətəndaş müharibəsi şübhəsiz ki, nəticəsiz qalmamış, böyük dağıntılarla müşaiyət olunmuşdu. Mao bu dağıntıları nəzərdə tutub o frazanı işlətmiş, müharibənin nəticələrinin aradan qaldırılması üçün edilmiş səfərbərliyi qəsd etmişdi. Bununla belə, Çindəki dağıntılar Ağdamdakı, Cəbrayıldakı, Fizulidəki, Zəngilandakı, Kəlbəcərdəki dağıntılar deyildi, müharibə dağıntıları idi. Bizim şəhərlərimiz isə müharibə dağıntılarına məruz qalmamışdı, evlərimiz bombalardan, raketlərdən, mərmilərdən dağılmamışdı.
“Vandal”, “Barbar” və s. bu kimi terminlər, leksikonumuza son zamanların ən çox daxil olan terminləridir. Vəhşiliyi, dağıdıcılığı əks etdirdiyini hamı bilir, ermənilərlə assosiasiya olunduğunu da hər kəs bilir. Ancaq Roma İmperiyasının bir hissəsini işğal etməyə nail olmuş və işğal etdiyi ərazilərdəki bütün mədəniyyət abidələrini, tarixi məskənləri dağıtmış, qarət etmiş qədim German tayfalarından birinin adı olduğunu çox az adam bilir.
Prezident çıxışına “Ağdama xoş gəlmisiniz” cümləsi ilə başlayanda, ürəyim sızladı, qeyri-ixtiyari qəhərləndim. Səbəbi yenə də onun ifadələrində idi. Çünki, olmayan Ağdamdan danışırdı, “İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb” deyirdi. Müharibədə yox, işğal dövründə, məqsədyönlü olaraq dağıdılmış, sökülüb aparılmış bir şəhərdən, bir zamanlar Qarabağın ən böyük şəhəri olmuş bir yaşayış məskənindən danışırdı, xəyalət şəhərdən, insansız, sakinsiz şəhərdən danışırdı.
Dünyada bu gün də xəyalət şəhərlər var. Ukraynada, Çernobıl faciəsindən sonra boşalmış Pripyat şəhəri, Amerikanın Montana ştatındakı Qranat, Qərbi Virciniyadakı Termont, Alyaskadakı Kennekot, Namibiyadakı Kolmanskop və s. şəhərlər, çeşidli səbəblərdən insanların yaşamadığı, atılmış şəhərlərdir. Lakin hətta bu xəyalət şəhərlərdə də heç bir tikili sökülməyib, boş da olsa, istifadəsiz də qalsa, məktəblər, kinoteatrlar, xəstəxanalar, mağazalar, heykəllər, kilsələr, hətta restoran, kazino və boulinq-klublar belə olduğu kimi qalır. Özlərini “ən qədim”, “ən mədəni”, “ən əzabkeş” sayan bu mənfurlar isə daşı-daş üstündə qoymayıb, bir dənə belə olsun mədəni obyekt, tikili qoymayıb, viran edib, dağıdıb.
Bu faktları dünya ictimaiyyətinə göstərmək, bizim necə bir düşmənlə, hansı tip vandalla, barbarla üz-üzə olduğumuzu nümayiş etdirmək şübhəsiz ki, o şəhərləri geriyə qaytarmayacaq, sınmış talelərə, yarımçıq qalmış arzulara məlhəm olmayacaq, ancaq ən azından kimin-kim olduğunu sübut etmək üçün bir vasitə olacaq, “məzlum” cildinə bürünmüş yırtıcının, vəhşinin kimliyini ifşa edəcək.
Doğrudur, dünya ədalətsiz dünyadır. Ədalətsizdir ki, 30 il bunlara laqeyd qalıb. Ancaq ümüdsüz olmayaq. Su da yumşaqdır, ancaq tədriclə daşı da dələ bilir. 30 il ərzində Rəhbərimizin səbrlə, ümüdlə, ancaq əzm və ardıcıllıqla, ağılla yürütdüyü siyasət necə bəhrəsini verdisə, “məzlum”, “əzabkeş” maskası da belə cırılır və cırılacaq. Keçirilən Forumlar, Panellər, Festivallar da bu məqsədə xidmət edir. Kimin kim olduğunu müqayisə etməyə, isbat etməyə xidmət edir, düşmənin cinayətlərini göstərməyə xidmət edir.
Hər belə tədbirdən sonra erməni seqmentləri, irili-xırdalı “siyasətbazları” vay-şivən salır, Azərbaycanın onlar barəsində mənfi imic formalaşdırmasından, düşmən obrazı yaratmasından şikayət edir, “narahatlıq” ifadə edir, nifrət toxumu səpildiyindən dəm vurur. Və bunu 30 il ərzində mədəni, insani qətliam törətmiş, şəhər və kəndləri, mədəni və dini abidələri yer üzündən silmiş, talan etmiş, minlərlə toponimi məhv etmiş, dəyişmiş, minlərlə dinc insanı məhz milli və etnik mənsubiyyətinə görə qətlə yetirmiş, yerindən yurdundan çıxarmış bir güruh, bir tayfa deyir.
Dünya bu cinayətlərə bər-bəzəkli, yaraşıqlı adlar da verib. “Urbisid” - bir şəhəri öldürmək, onun gücünü əlindən almaq, onun metafizik mahiyyətini, yaşamaq iradəsini, özünəməxsusluğunu boğmaq, onun haqqında xatirələri silmək, onun keçmişini və bu gününü məhv etmək deməkdir. “Kultursid” – mədəni, dini, milli abidələri, bir xalqa məxsus olan dəyərləri yer üzündən silməkdir. Ekosid — canlıların, ilk növbədə insanın yaşadığı mühiti qərəzli şəkildə dağıtmaq, zəhərləmək, ekoloji fəlakətin eşiyinə gətirməkdir. Etnosid – bir xalqın özünəməxsus şüuru, milli kimliyini məhv etmək, xalqın tarixi yaddaşını silmək siyasətidir. Ən nəhayət, Genosid – İrqi, milli və ya dini səbəblərə görə əhalinin məhv edilməsi kimi ən ağır bəşəri cinayətdir. Ermənilər bunların hamısını edib və mifik, xəyali bir keçmişdə yox, müasir dövrdə, dünyanın gözü baxa-baxa edib. Hamısının sübutları, izləri var və biz hər fürsətdə bunu baxan, lakin “görməyən” dünyaya göstərməliyik. Onların dağıdıcılığını və bizim quruculuğumuzu müqayisəli şəkildə göstərməliyik. Yer üzündən silinmiş 9 şəhərin və yüzlərlə kəndin yerində nələr yaratdığımızı və yaratmaq istədiyimizi göstərməliyik. Göstərməli və eyni zamanda da öz haqlı mövqeyimizi elan etməliyik. 30 illik “vasitəçiliyin” bizə nə verdiyini və niyə bu vasitəçiliyə artıq ehtiyac olmadığını əyani şəkildə, yerində və faktlarla bəyan etməliyik. İşğal altındakı ərazilərdə, sözün müstəqim mənasında etnik təmizləmə aparmış, 1 milyona yaxın insanı yurd-yuvasından didərgin salmış bir güruhun, bir ovuc həmcinsinə hansısa xüsusi imtiyazlar, statuslar tələb etməsinin niyə absurd olduğunu əsaslandırmalıyıq.
Bir millətin digərlərindən fərqli, əlahiddə və üstün, siyasi və iqtisadi imtiyazlara malik sayıldığı ifrat millətçi təlimə - “Faşizm” deyildiyini xatırlayan varmı? Ermənilər 250 min azərbaycanlını Qərbi Zəngəzurdan, Göyçədən sürgün etdiyi, monoetnik bir ölkə yaratdığı halda, biz, ərazimizdə yaşayan etnik azlıqların heç birini – o cümlədən də erməniləri qovmamışıq, belə bir niyyətimiz də yoxdur. Ölkəmizin etnik rəngarəngliyini zənginlik kimi qəbul edir, milli mənsubiyyətindən asılı olmayaraq, ərazimizdə yaşayan hər kəsi bərabərhüquqlu vətəndaşımız hesab edirik. Elə isə, burada məskunlaşmış bir ovuc erməniyə hansısa əlahiddə, başqalarından fərqli və üstün hüquqlar verilməsinin adı, “faşizm”ə cığır açmaq deyil, bəs nədir? Azərbaycan Prezidenti, “Qarabağ bölgəsində yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onlara da ancaq bütün digər vətəndaşlarımızın malik olduğu hüquqlar verilə bilər” dediyi halda, bu, tamamilə normal, ədalətli və humanist yanaşmaya, başqa hansı beynəlxalq alternativ, nümunə, presedent göstərilə bilər? Sırf etnik mənsubiyyətinə görə Ermənistandan və Qarabağdan deportasiya olunmuş yüzminlərlə azərbaycanlıya verilməmiş hüquqlarmı?
Biz, sülhsevər ölkəyik və bu günədək həyata keçirdiyimiz bütün hərbi, siyasi, iqtisadi və diplomatik demarşlar ancaq və ancaq ərazi bütövlüyümüzün, sərhədlərimizin toxunulmazlığının, regionda daimi sülhün, əmin-amanlığın, qarşılıqlı əməkdaşlığın və etimadın təmin olunmasına yönəlib, eskalasiyaya deyil. Eskalasiyada maraqlı olanlar, ərazilərimizdə hərbi birliklər saxlamağa davam edənlər, yollarımıza mina döşəyənlər, sərhədlərimizə silah-sursat toplayanlar və bizim daxili işlərimizə müdaxilə etməyə cəhd edənlərdir.
Regionda beynəlxalq hüququn beş əsas prinsipi əsasında daimi sülhün bərqərar olması, suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması, sərhədlərin delimitasiya və demarkasiyasının aparılması və kommunikasiyaların açılması məqsədilə dövlətimizin irəli sürdüyü təkliflərin, Prezidentimizin atdığı addımların Avropa Birliyi tərəfindən də dəstəklənməsi və irəli sürdüyü təşəbbüslər, prosesin irəliləməsi istiqamətində müəyyən nikbinlik yaradıb. Prezident, təcavüzkar ölkənin vaxt aparmaq məqsədilə növbəti manipulyasiyalara, təxribat və taktikalara əl atmayacağına ümüdvar olduğunu bildirməklə yanaşı, bunun əksinin sülhə gətirməyəcəyini, düşmənçilik və nifrətə son qoymayacağını ifadə etməklə yeni bir şey demir, bu günədək qarşılaşdıqlarımızdan nəticə çıxarır.
Ölkə başçımız, bizim milli ideyamızın heç də başqaları kimi, özgə ərazilərinin işğal və ilhaq edilməsindən, aqressiv müharibə ritorikasından deyil, torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət olduğunu, xalqımızın da bu ideya ətrafında birləşdiyini, gənclərimizin öz canlarını bu ideya uğrunda qurban verdiyini, torpaqlarımız azad edildikdən sonra isə bu ideyanın azad edilmiş əraziləri yenidən qurmaq, yaratmaq, yüksəltmək amalına, ölkəmizi dünyanın ən uğurlu ölkələrindən birinə çevirmək ideyasına transformasiya edildiyini bəyan edir.
Nitsşe deyirdi, “bizi öldürməyən hər şey ancaq gücümüzə güc qatır”. Ölkəmiz, xalqımız çox məhrumiyyətlərə dözdü, sinə gərdi, illər boyu qaçqın, köçkün həyatı yaşadı, ancaq tükənmədi, bir gün İlahi ədalətin təcəlli edəcəyinə ümüdünü, inamını itirmədi və o gün gəldi.