Xəbərlər
Şəhid Elvin Babayevin xatirəsi əbədiləşdirilib
“Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş Vətən müharibəsi şəhidi Babayev Elvin Əkbər oğlunun şəhadətinin ildönümü qeyd olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Sonra Nəsimi rayonunda leytenant K.Kərimov adına 8 nömrəli tam orta məktəbdə şəhidin barelyefinin açılışı olub.
Məktəbin akt zalında keçirilən tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Barelyefin açılışından sonra şəhid Elvin Babayevin təhsil aldığı sinfə baxış keçirilib, xatirəsi anılıb.
Daha sonra tədbir iştirakçılarına məktəblilərin ifasında şəhidin xatirəsinə həsr edilmiş kompozisiyalar təqdim olunub.
Çıxış edənlər Vətən müharibəsinin şanlı tariximiz, şəhidlər və qazilərin isə qürur mənbəyimiz olduğunu deyiblər. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu Zəfərlə Azərbaycan dövlətçiliyinin ən şərəfli səhifələrindən birinin müəllifi olub.
Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.