Xəbərlər
Prezident İlham Əliyev: Böyük Britaniya Azərbaycana ən çox sərmayə qoymuş ölkə və strateji tərəfdaşdır
Böyük Britaniya Azərbaycana ən çox sərmayə qoymuş ölkə və strateji tərəfdaşdır. Buraya ənənəvi sahələr daxildir, ancaq əminəm ki, artıq yenilənən enerji növlərinə də sərmayə qoyulacaq. Siz bilirsiniz ki, biz bu vacib istiqamətdə addım atmağa yaxınıq.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edərkən bildirib.
Səfirin Azərbaycanda fəaliyyətinə tamamilə fərqli mühitdə başladığını qeyd edən dövlətimizin başçısı deyib: “Qarabağ münaqişəsi başa çatdıqdan sonra regionda vəziyyət tamamilə dəyişib. Biz hesab edirik ki, bu, müsbət dinamikadan bəhrələnmək və regionumuzda davamlı sülhün bərqərar edilməsi üçün fürsətdir”.
Prezident deyib ki, Azərbaycan bu istiqamətdə Böyük Britaniya Hökumətinin dəstəyinə ümid bəsləyir: “Bizə məlumdur ki, ölkənizin də regionla bağlı gündəliyi eynidir – sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq. Əminəm ki, qarşıdan gələn illərdə biz sizinlə, buradakı heyətinizlə və hökumət rəsmilərinizlə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinin sürətləndirilməsi istiqamətində əməkdaşlıq edəcəyik. Yəni, gündəliyimiz olduqca genişdir”.