YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağda quruculuq işləri böyük vüsət alıb

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində sistemli tədbirlər həyata keçirir. 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımıza artıq həyat qayıdır. Bu reallığı Ağdam rayonunun timsalında da görmək mümkündür. Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri zamanı yeni təməllərin atılması, görülən bərpa işlərilə tanışlıq bu faktı bir daha təsdiqləyir.

Qeyd etmək lazımdır ki, Ağdam şəhəri Qarabağın ən böyük şəhəri olmuşdur. Erməni vandalizminin bütün cəhətlərini Ağdamın timsalında görmək mümkündür. Zamanında aran və dağlıq Qarabağın incisi sayılan Ağdamda 30 illik erməni işğalı dövründə hər şey məhv edilib. Şəhərdən əsər əlamət yoxdur, burada bir bina da salamat qalmayıb. Göz işlədikcə uzanıb gedən ərazilərdə yalnız Cümə məscidinin qalıqlarını görmək mümkündür. Düşmən məscidin qalıqlarını ordumuzun mövqelərinə qarşı artilleriya atəşlərinin tənzimlənməsi üçün saxlamışdı. Hesablamalara görə, işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Prezident İlham Əliyev erməni vəhşiliyi ilə bağlı danışarkən deyib: “Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb. Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın Xirosiması adlandırırlar. Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb”.

Azərbaycan xalqı qurub yaradan xalqdır. Bizi 30 il ərzində işğal altında qalan müqəddəs torpaqlarımıza güclü mənəvi tellər bağlayır. Xalqımız bu illər ərzində o torpaqlara qayıtmağın həsrəti ilə yaşayıb. Artıq bu həsrətə son qoyulub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində bizə böyük Qələbə sevinci yaşatdı. Bu Qələbə sayəsində tarixi ədalət, ölkəmizin ərazi bütövlüyü təmin olundu. 27 il düşmənin nəzarəti altında qalan Ağdam Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın 20-də döyüşsüz respublikamıza təhvil verilib.

Azərbaycan dövləti Vətən müharibəsində işğaldan azad edilən digər ərazilər kimi, Ağdamı da ayağa qaldırmaq, dirçəltmək əzmindədir. Deyə bilərik ki, postmüharibə dövründə xarabalıqlar üzərində yeni bir Ağdam ucaldılır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Prezident İlham Əliyev digər ərazilərdə olduğu kimi, Ağdamda da bərpa və yenidənqurma işlərini şəxsi nəzarətində saxlayır. Dövlətimizin başçısı postmüharibə dövründə Ağdama 4 dəfə səfərə gəlib. 2021-ci il mayın 28-də-Azərbaycanda dövlət bayramı kimi qeyd olunan Müstəqillik günündə isə Ağdam tarixi anlara şahidlik etdi. Belə ki, həmin tarixi gündə Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş Planı təqdim olunub. Sənəd hazırlanarkən şəhərin tarixi siması və müasir çağırışlar nəzərə alınıb. Əvvəllər Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Hazırda bu rəqəm 50 mindən yuxarıdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Şəhərin 1700 hektar ərazidə salınması nəzərdə tutulub. Beləliklə, Ağdam iki dəfə böyüyəcək - əvvəllər şəhərin ərazisi 700-800 hektar təşkil edirdi. Ağdamda 1750 fərdi ev, 23 min mənzil inşa olunacaq. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq.

Oktyabrın 4-də Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdama baş tutan növbəti səfərinin proqramı da kifayət qədər zəngin olub. Belə ki, dövlətimizin başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərinə qatılıblar. Dövlətimizin başçısı və birinci xanım, eyni zamanda, Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı, Kəngərli, Xıdırlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak ediblər.

Bütün bunlar Böyük Qayıdışın göstəriciləridir. Azərbaycan xalqı inanır ki, işğaldan azad edilmiş ərazilərimiz tezliklə cənnətə çevriləcək!

DİGƏR Xəbərlər Arxiv