Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Moldovanın Baş naziri ilə təkbətək görüşü olub
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəsmi səfərə gələn Moldova Respublikasının Baş naziri Nataliya Qavrilitsa ilə təkbətək görüşü olub.
Prezident İlham Əliyev Moldovanın Baş naziri Nataliya Qavrilitsanı qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:
-Xoş gəlmisiniz, xanım Baş nazir. Sizi görməyimə çox şadam. Azərbaycana səfərə gəldiyinizə görə təşəkkür edirəm. Əminəm ki, səfər çox uğurlu olacaq və biz əməkdaşlığımızı gücləndirəcəyik. Bilirsiniz ki, Azərbaycan ilə Moldova dost və tərəfdaşdırlar. Əminəm ki, gələn illər ərzində əməkdaşlığımızın intensivləşdirilməsi yolları üzərində çalışacağıq, çünki belə yaxşı siyasi münasibətlərlə yanaşı, biz birmənalı olaraq, digər sektorlarda imkanları da araşdırmalıyıq. İnanıram ki, səfəriniz zamanı bu məsələlər ciddi şəkildə nəzərdən keçiriləcək və biz ticari əməkdaşlıq, iqtisadi işbirliyində daha çox canlanmanı görəcəyik. Əminəm ki, ikitərəfli ticarət səviyyəsini artırmaq üçün böyük potensial var.
Əlbəttə ki, hazırda qlobal gündəlikdə duran mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir. Biz nümayəndələrimiz vasitəsilə artıq bu məsələlər üzərində iş aparmışıq. Sözsüz ki, cari vəziyyəti və həmin sahələrdə əməkdaşlığın başlanması üçün hansı işlərin görüləcəyini də müzakirə edəcəyik. Bir çox digər sahələr də var və inanıram ki, ikitərəfli gündəliyimizin genişləndirilməsi üçün böyük imkanlar olacaqdır. Təbii ki, çox güclü siyasi münasibətləri nəzərə alsaq, onlar olmalıdır. Bir neçə gün əvvəl, xanım Prezidentlə Praqada görüşmək imkanı oldu. Bilirsiniz ki, bizim əvvəllər də görüşlərimiz, o cümlədən telefon danışıqlarımız olub. Bir sözlə, yaxşı işgüzar münasibətlər qurulub. Əminəm ki, siz də tərəfdaşlığımızı irəliyə doğru aparmaq məqsədilə azərbaycanlı həmkarınızla yaxşı işgüzar münasibətlər quracaqsınız. Bir daha Azərbaycana xoş gəlmisiniz.
Moldovanın Baş naziri Nataliya Qavrilitsa dedi:
Cənab Prezident, Zati-aliləri, Sizinlə görüşmək və yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün bu fürsətə görə olduqca minnətdaram. Həqiqətən, son ilyarım ərzində çoxsaylı səfərlər vasitəsilə əlaqələrimizdə xüsusi canlanmanın şahidi olmuşuq. Fürsətdən istifadə edərək, mən Prezident Sandunun Moldovaya səfər dəvətini bir daha Sizə çatdırıram. Biz, sözün əsl mənasında, müxtəlif səviyyələrdə çoxsaylı səfərlər etmişik. Şadam ki, həmin rəsmi səfərlər əsnasında biz ikitərəfli münasibətlərimizin 30 iliyini qeyd etmişik. Həmçinin hesab edirik ki, siyasi, iqtisadi və humanitar əlaqələr çox sıx olmuşdur və təkmilləşmişdir. Lakin onların potensialı daha böyükdür. Buna görə mən nəinki Baş nazir və müvafiq nazirlərlə, eləcə də işgüzar dairələrlə görüşməyi səmimiyyətlə arzulayıram. Son on ildə ilk dəfədir ki, Moldova-Azərbaycan iqtisadi komissiyasının iclası keçiriləcək.
Əminəm ki, enerji, iqtisadi, ticari və sosial sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün bizim çox məhsuldar müzakirələrimiz olacaq.