Xəbərlər
Yeni imkanlar

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, quruma üzv ölkələrlə əməkdaşlığının əsas istiqamətlərindən birini enerji sahəsi təşkil edir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. 1994-cü ildə ulu öndər Heylər Əliyevin səyləri nəticəsində imzalanan «Əsrin müqaviləsi" ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu, dövlətimizə etimad mühitinin mövcudluğu «Əsrin müqaviləsi»ndən sonra imzalanan sazişlərdə və Memorandumlarda özünün aydın ifadəsini tapdı. Ümummilli Lider dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir dövlət səyləri birləşdirmədən, təcrübə mübadiləsi aparmadan iqtisadiyyatını təkbaşına inkişaf etdirə bilməz. «Əsrin müqaviləsi»nin imzalanması bu tezisin reallıqda öz əksini tapması oldu. Birgə səylər qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verdi.
Əvvəllər çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft- qaz kəmərləri reallığa çevrilməklə regional əməkdaşlığın əsası qoyuldu. Azərbaycan, Türkiyə və Gürcüstanın siyasi iradəsi əsasında reallığa çevrilən bu layihələr həm iştirakçı, həm də digər ölkələrin uzunmüddətli iqtisadi ikişafının əsası oldu. Azərbaycanın reallığa çevirdiyi layihələrin gələcəkdə dövlət büdcəsinə milyardlarla dollar gəlir gətirəcəyi beynəlxalq maliyyə qurumları tərəfindən də etiraf edildi.
Azərbaycan illər keçdikcə əməkdaşlığın yeni formatlarını yaratmaqla, onların coğrafiyasını genişləndirməklə etibarlı tərəfdaş kimi qazandığı imicə yeni əlavələr etdi. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Bolqarıstana səfəri zamanı keçirdiyi görüşlərdə, mətbuata bəyanatlarında bu məqamlara bir daha nəzər salınaraq artıq reallığa çevrilmiş Cənub Qaz Dəhlizinin perspektivləri geniş müzakirə edildi.
Çoxtərəfli əməkdaşlığa xidmət edən bu layihənin coğrafiyasının genişləndirilməsi təbii ki, həm iştirakçı, həm də digər dövlətlər üçün iqtisadi və siyasi əhəmiyyət kəsb edir. Ölkə Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində «Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur» söyləyərək bu məqamı da xüsusi olaraq vurğulamışdır ki, Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Göründüyü kimi, geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Eyni zamanda bu əminlik də ifadə olunmuşdur ki, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə bu layihəyə qoşulacaq. Bolqarıstanda keçirilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində bildirildi ki, Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihəsidir. Ölkəmizin təşəbbüsü və müəllifliyi ilə Avropa bazarlarına çıxarılan Azərbaycan qazı Bolqarıstana daxil olur.
Bolqarıstan səfəri zamanı keçirilən görüşlərdə Azərbaycanın enerji və nəqliyyat layihələrinin mərkəzi kimi tutduğu mövqe yüksək dəyərləndirilərək, bu günün reallıqlarının qarşıdakı dövr üçün əlaqələrin inkişafına böyük stimul olduğu bildirildi. Dövlət başçısı bildirdi ki, bütövlükdə digər məsələlərə gəldikdə, bu gün yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyi də önəmli məsələdir. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaradıb. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Bu il bu yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar.
Qısa təhlil əsasında iki dost ölkənin bütün sahələrdə əməkdaşlığının təməlində səmimi münasibətlərin dayandığını böyük əminliklə deyə bilərik. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəlidir. Qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeni imkanlar açır.