YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Torpaqlarımız tarixi sahibinə qovuşacağına əmin idi

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

2020-ci il oktyabrın 4-də dövlət başçısı İlham Əliyev Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildirdi ki, biz bütün şəhərləri bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq. Biz ermənilər tərəfindən tarixi adlarımızı dəyişdirib tarixi saxtalaşdırmaq, eyni zamanda, Azərbaycan xalqının tarixi-mədəni irsini silmək cəhdlərinə son qoyduq. Yaşayış məntəqələrinin tarixi adları bərpa edilir və bərpa ediləcək.

Bu gün cəbrayıllılar, ümumilikdə  bütün Azərbaycan xalqı sevinclidir. 44 gündə torpaqlarımızın  işğaldan azad edilməsi müjdəsini aldıqca hamı bu münasibətilə biri-birini təbrik edir, göz yaşlarını saxlaya bilmirdi. Bu sevinc göz yaşları idi. Xalqımız 30 il torpaq həsrəti ilə yaşadı. Ermənilərin bu ərazilərimizdə  vəhşiliklər törətmələri, evləri, tarixi və dini abidələrimizi yerlə-yeksan etmələri, bütün izlərimizi silmək üçün cəhdlər göstərmələri hər kəsdə mənəvi sıxıntı yaradır,  qürurumuzun, kimliyimizin bərpası, dünyaya bir daha təqdimatı gününü səbirsizliklə gözləyirdi. Torpaqlarımız 30 ilə yaxın dövrdə işğal altında olsalar da tarixi sahibinə qovuşacaqlarına tam əmin idilər. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bu istəyimizə qovuşdurdu.

Azərbaycan 30 ildə sülh danışıqlarının davam etdirilməsi, müsbət nəticə verməsi istiqamətində səylər göstərdi. Qarşı tərəf havadarlarının dəstəyinə arxalanaraq danışıqlara imitasia naminə qatıldı, yeni ərazilər uğrunda müharibə planı hazırladı. Azərbaycan dövləti ən yüksək tribunalardan dəyişməz mövqeyimizi bəyan etdi. Bildirildi ki, ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və ola da bilməz. Torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik.

Ermənistan sülh danışıqlarına mane olmaq, vaxt qazanmaq üçün  təxribatları ilə diqqətdə olsa da dünya seyrçi mövqeyindən əl çəkmədi, bəzi dünya gücləri sonadək Ermənistana dəstəklərini davam etdirdilər. 44 gündə Ermənistan silahlı qüvvələrinin  məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının statistikası işğalçı dövlətə göstərilən dəstəklərin təqdimatında mühüm rol oynadı. Kasıb ölkənin belə böyük məbləğdə hərbi texnikaya malik olması inandırıcı görünə bilməz. Ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verən bəzi dünya gücləri  Ermənistanın sonda belə aqibəti yaşayacağını çox yaxşı bilirdilər.  Ədalətin gec-tez zəfər çalacağı heç kimdə şübhə yarada bilməz. Azərbaycan bunu bir daha dünyaya sübut etdi. Torpaqlarımız işğaldan azad edildi, bayrağımız bu ərazilərimizdə ucaldıldı.

Bu gün Cəbrayılın, digər torpaqlarımızın  işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Dövlət başçısı İlham Əliyev 4 oktyabr 2020-ci ildə xalqa müraciətində bildirmişdir: “Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu.”

Biz haqqın, ədalətin tərəfindəyik. Xalqımızın  tarixində şərəfli anlar, qələbələr çox  olub. Onların sırasında tarixi Zəfərimizin yeri xüsusidir. Dövlətimizin qətiyyəti, Ordumuzun qüdrəti sayəsində ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan xalqının ümidləri doğruldu. Azərbaycan haqlı tərəf, bu torpaqların sahibi olduğunu bir daha təsdiqlədi. Dövlət başçısı İlham Əliyevin “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” tezisi 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi.

Bu gün Cəbrayıl, bütün azad edilən torpaqlarımız bərpa-quruculuq dövrünü yaşayır. Ermənilərin 30 ildə törətdikləri dağıntıları quruculuq işləri əvəzləyir. İndi dünya  Azərbaycanın neçə illərdir necə vəhşi ilə üz-üzə dayandığını daha aydın şəkildə görür. İşğaldan azad edilmiş ərazilərimizdə ermənilər 30 ildə bir daşı daş üstə qoymayıb. Ancaq dağıntılar həmin dövrün şahidləridir. Tarixi və dini abidələrimizin bərpası prioritetdir. Digər torpaqlarımızda olduğu kimi,  Cəbrayılda da tarixin izini itirmək məqsədilə abidələr dağıdılıb. İşğal dövrünə qədər rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq, mağara, qəbirüstü abidələrlə zəngin olub. Cəbrayıl şəhərində Ağoğlan nekropolu, Sirik kəndində Qala bürcü, Xələfli qəsəbəsində Qız qalası, Dağ Tumas kəndində Divlər sarayı, Tatar kəndində Siklop tikililəri, Şıxlar kəndində şəhərcik qalıqları və qışlaq yerləri, Ağoğlandakı Orxan yazılı abidəsi, Qumlaq kəndində 11 və 15 aşırımlı Xudafərin körpüləri, Cəbrayıl şəhərindəki Sultan Məcid hamamı, Xudyarlı kəndindəki dairəvi və səkkizguşəli türbələr, Şıxlar kəndində dairəvi türbə, XVI və XIX əsrlərə aid məscidlər işğal illərində məhv edildi. Bütün bu cəhdlərə baxmayaraq tarixi silmək mümkün deyildi. Qarabağ, Şərqi Zəngəzur Azərbaycanın qədim torpaqlarıdır. Azad edilmiş əazilərimizin hər daşı bir tarixdir. Bu izlər silinməzdir. Heydər Əliyev Fondunun tarixi və dini abidələrimizin bərpası istiqamətində gördüyü işlər göz önündədir.  27 ildən sonra sahibinə qovuşan Cəbrayıl həyatının yeni mərhələsini yaşayır.

DİGƏR Xəbərlər Arxiv