Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 8-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. İqtisadi sahədə əldə olunan nailiyyətlərə toxunan Prezident İlham Əliyev bildirdi ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər nəticəsində bu, Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib. Dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını dedi.
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti Azərbaycanın etibarlı tərəfdaş olduğunu və rəhbərlik etdiyi qurumun ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verdiyini dedi. Suma Çakrabarti Azərbaycanda həyata keçirilən layihələrdən məmnun olduğunu bildirdi. O, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmini qeyd etdi.
Görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında enerji infrastrukturunun yaradılması, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.