Xəbərlər
Novruz Məmmədov: İlk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması yolverilməzdir
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən deyib: “Güclü, inkişaf edən, demokratiya istiqamətində addımlar atan, regionda liderə çevrilmiş bir dövlətə qarşı bu cür çirkin kampaniyanın aparılması yolverilməzdir. Bu kampaniya onu aparanlara başucalığı gətirmir. Onlar bu cür addımlarla nə isə əldə edə bilməyəcəklər. Müasir beynəlxalq münasibətlər sistemində əslində bu, utanc gətirən bir prosesdir. Halbuki indiki dövrdə bütün proseslər açıq və şəffaf olmalıdır. Belə məkrli planların həyata keçirilməsi Avropanın özünün imicinə mənfi təsir göstərir və onlara olan inamı azaldır”.
Novruz Məmmədov deyib ki, Azərbaycan xalqı bu proseslərin mahiyyətini yaxşı başa düşür. Bu, dünyada geosiyasi maraqları həyata keçirmək üçün ifrat dərəcədə istifadə olunan addımlardan biridir. Azərbaycanın müstəqil xarici siyasət kursu var və bu kurs ilə ölkəmiz bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirir.