Xəbərlər
Bakıda keçiriləcək üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlərinə başlanılmışdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli Fərmanına uyğun olaraq 2015-ci ilin oktyabr ayında Bakıda keçiriləcək üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlərinə başlanılmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işçi qrupunun bu il martın 13 tarixində London şəhərində keçirilmiş iclasında irəli sürülmüş tövsiyələr əsasında Forumun eksperti, Böyük Britaniyanın Koventri Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər İnstitutunun direktoru, professor Mayk Hardi ilə müvafiq yol xəritəsi hazırlanır.
Mayın 19-da BMT-nin İnkişaf və Dialoq üçün Ümumdünya Günü çərçivəsində Mayk Hardinin rəhbərlik edəcəyi Etimad, Sülh və Sosial Münasibətlər İnstitutunun açılış mərasimi və BMT-nin Sivilizasiyalar Alyansının ali rəhbərinin iştirakı ilə tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə bu tədbirlərdə iştirak etmişdir.
Səfər çərçivəsində Vasif Eyvazzadənin Etimad, Sülh və Sosial Münasibətlər İnstitutunun direktoru, professor Mayk Hardi və institutun digər rəhbər şəxsləri, BMT-nin Sivilizasiyalar Alyansının nümayəndələri ilə görüşləri, 2014-cü ilin avqust ayında İndoneziyanın Bali şəhərində baş tutacaq BMT-nin VI Qlobal Forumunda “Bakı Prosesi”nin təqdimat mərasiminin təşkili və noyabr ayında Bakıda dünyanın nüfuzlu elm xadimlərinin iştirakı ilə "Bakı Prosesi” - Qlobal Mədəniyyətlərarası Dialoqa dəstək" mövzusunda akademik konfransın keçirilməsi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.