YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ŞƏT ilə əməkdaşlığı milli maraqlarımıza uyğundur

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Beynəlxalq səviyyəli nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan təkcə tranzit ölkə kimi yox, eyni zamanda regionun və dünyanın nəhəg nəqliyyat layihələrin də təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır və yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, həmçinin şimalla cənubu da birləşdirən mühüm tranzit rolunu oynayır. Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib.

Xüsusən də, işğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi, gəmilərin inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması üçün ayrılan vəsaitlər göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl addımlar atır, qətiyyətli iradə ortaya qoyur.

Bundan əlavə, Azərbaycanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olan, “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsi funksiyasını yerinə yetirir. Bu liman şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yüklərin toplanmasını, onların BTQ üzrə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınmasını təmin edən səmərəli və davamlı logistika zəncirinin formalaşması üçün əsas amildir. Bütün bunlarda Avrasiya məkanında beynəlxalq miqyasda nəqliyyat-kommunikasiya əməliyyatlarının həyat keçirilməsində əsas mövqeyə sahibdir

Regionda güc mərkəzi olan Azərbaycanın gündən-günə artan iqtisadi-siyasi potensialı beynəlxalq təşkilatların və böyük ölkələrin daim diqqətində olmuşdur. Belə təşkilatlardan da biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. 1996-cı ildə təsis edilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) hal-hazırda özündə 9 üzv və 3 müşahidəçi statuslu ölkələri birləşdirir ki, təşkilat eyni zamanda siyasi və iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün şərait yaradılması, bu məqsədlə imkanların təqdim olunması və fəaliyyətlərin uzlaşdırılmasına xüsusi önəm verir. Üzv dövlətlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində qarşılıqlı ticarəti və investisiya qoyuluşunu genişləndirirlər. İndiyədək ŞƏT çərçivəsində üzv dövlətlərin iqtisadi potensialından istifadə edilməsini, qlobal iqtisadiyyata sıx inteqrasiyanı hədəfləyən sənədlər qəbul olunub. Eyni zamanda, ŞƏT-ə üzv dövlətlərin səlahiyyətli nümayəndələri region ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına təkan verəcək beynəlxalq avtomobil daşımaları üçün əlverişli şəraitin yaradılması haqqında hökumətlərarası saziş imzalayıblar.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusu daşıyır. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” 2016-cı il martın 14-də Pekin şəhərində imzalanmış Memorandumu təsdiqləyib. Respublikamız həmin tarixdən etibarən Şanxay Əməkdaşlıq Təşkilatının beynəlxalq əhəmiyyətli tədbirlərində fəal iştirak edir və qurumla əməkdaşlığı genişləndirir. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycanın təşkilatla əməkdaşlıqda qazandığı hörmətin göstəricisidir ki, 2021-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib, qərargahın binasında dahi şairin büstü ucaldılıb. Qeyd edək ki, dahi Nizami Gəncəvi Çin filosofu Konfusidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.

Qeyd edək ki, cari ilin sentyabr aynının 15-də Şanxay Əməkdaşlıq Təşkilatının növbəti Sammiti Özbəkistan Respublikasının Səmərqənd şəhərində baş tutub. Prezident İlham Əliyev Sammitdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edib. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin iyunda dövlət səfərindən sonra 2022-ci ildə dost Özbəkistana ikinci səfəridir. Özbəkistan Prezidentinin dövlətimizin başçısına Sammitdə fəxri qonaq qismində iştirak etmək üçün dəvət göndərməsi ölkələrimiz arasındakı dostluq münasibətlərinin getdikcə daha da möhkəmlənməsini ifadə edir. Digər tərəfdən, dövlət başçımızın Sammitə dəvət alması Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin beynəlxalq miqyasda yüksək dəyərləndirildiyini təsdiqləyir. Azərbaycan Prezidenti daim qlobal həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə hesablanan təşəbbüslər irəli sürür, multikulturalizmə çağırışlar edir.

Samittdə iştirak zamanı təşkilatla əməkdaşlığa böyük önəm verən Prezident İlham Əliyev siyasi olduğu kimi iqtisadi baxımdan Azərbaycan-ŞƏT əlaqələrinin gələcək perspektivlərinin daim dinamik surətdə artacağına öz əminliyini ifadə etmişdir. Ümumiyyətlə, ŞƏT-lə əməkdaşlıq böyük bir coğrafiyada əlaqələri genişləndirmək anlamına gəlir. Üzv dövlətlərlə yeni layihələrin birgə reallaşdırılmasına nail olmaq, investisiyalar cəlb etmək mümkündür. Beynəlxalq yükdaşımalar üçün yeni imkanların yaranmasını isə ayrıca qeyd edə bilərik. Şübhə yoxdur ki, təşkilatda təmsil olunan ölkələrlə əməkdaşlıq çərçivəsində Azərbaycan özünün nəqliyyat-logistika imkanlarını daha geniş miqyasda təqdim edəcək. Bir sözlə, təşkilatla əməkdaşlıq Azərbaycanın siyasi və iqtisadi maraqlarına tam uyğundur.

Azərbaycanla ŞƏT-i ortaq məxrəcə gətirən çoxsaylı iqtisadi amillər sırasında “Bir kəmər, bir yol” layihəsinin önəmini xüsusi vurğulaya bilərik. Bu layihə bir neçə il bundan əvvəl iqtisadi potensialı baxımından ŞƏT-in ən güclü üzvlərindən olan Çinin siyasi rəhbərliyinin təşəbbüsü ilə gündəmə gəlib. Burada söhbət heç bir halda Çinin dominantlığından getmir. Bu, Avropa ilə Asiya arasında böyük coğrafiyada yerləşən ölkələri birləşdirən meqa layihədir. Layihənin reallaşması Çinin özünün və kəmərə inteqrasiya imkanı olan ölkələrin böyük bazarlara çıxışını asanlaşdıracaq. Yüklər iştirakçı ölkələrin koordinasiyalı fəaliyyəti sayəsində ünvanlara tez, rahat və ucuz çatdırılacaq. İndiyədək Çin “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına böyük həcmlərdə investisiyalar yönəldib. Azərbaycan yeni dəhliz üçün mühüm məntəqələrdən biri sayılır. Bu da onunla bağlıdır ki, ölkəmiz beynəlxalq səviyyəli Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişməsində yerləşir. Ölkəmizdə hər iki dəhliz üzrə müasir infrastruktur qurulub. Perspektivdə açılacaq Zəngəzur dəhlizi isə mövcud infrastruktura inteqrasiya ediləcək və beləliklə də, ölkəmizin ərazisində daşımaların şaxələndirilməsi imkanları daha da genişlənəcək. Respublikamız Çinin təşəbbüsü əsasında reallaşmaqda olan “Bir kəmər, bir yol” layihəsinə dəstək verir.

Göründüyü kimi, iqtisadi potensialı və beynəlxalq nüfuzu günü-gündən artan Azərbaycanın iqtisadi potensialı və qlobal təşəbbüsləri diqqət mərkəzindədir. Bütün bunlar da müasir Azərbaycan Respublikasının memarı olan ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan Şanlı Qələbə və regionda yaranan reallıqlar vasitəsi ilə mümkün olub.

DİGƏR Xəbərlər Arxiv