Xəbərlər
Xalqın sarsılmaz birliyi yeni uğurları şərtləndirir
Samir Vəliyev
YAP Nərimanov rayon təşkilatının sədri
Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən son təxribatın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Açıq-aydın görünür ki, bu ölkədə iqtidardakı və müxalifətdəki ayrı-ayrı qüvvələr 44 günlük müharibənin nəticələrini, məğlubiyyəti həzm edə bilmirlər. Ermənistanın siyasi rəhbərliyinin qeyri-ardıcıl siyasəti, reallıqla bir araya sığmayan və bir-biri ilə ziddiyyət təşkil edən açıqlamaları son nəticədə postmüharibə dövründə sülh prosesini ləngidir və ona böyük zərbə vurur. Sərhəd gərginliyi də bunun göstəricisidir. Azərbaycanın rəşadətli ordusu, qəhrəman hərbçilərimiz düşmənin layiqli cavabını verdi.
Məlumdur ki, 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanan üçtərəfli bəyanatlar tərəflərin üzərinə bir sıra öhdəliklər qoyur. Qalib Azərbaycan həmin sənədlərin müddəalarına davamlı olaraq sadiqlik göstərir, eyni zamanda, sonradan Moskvada və Brüsseldə əldə olunan razılaşmalara əməl edir. Ölkəmiz iki ölkə arasında sülh sazişinin imzalanmasını regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın əsas qarantı sayır və sənədin mümkün qədər tez hazırlanıb imzalanması üçün müxtəlif təşəbbüslərdən çıxış edir. O cümlədən ölkəmiz beynəlxalq hüquq normalarını əsas götürməklə sülh sazişinin imzalanmasına əsas ola biləcək beş maddədən ibarət paket hazırlayaraq qarşı tərəfə təqdim edib. Əslində, müharibə başa çatandan sonra sülhə gedən yolun konturları tam aydındır. Uzunmüddətli münaqişə başa çatıb, bundan sonra gələcəyə baxmaq, imkanları, potensialı inkişafa istiqamətləndirmək lazımdır. Ancaq qalib Azərbaycandan fərqli olaraq, məğlub Ermənistan rəhbərliyi sülh prosesini möhkəmlətməyə deyil, onun pozulmasına yönələn davranışlar sərgiləyir. Müharibə başa çatandan sonra vasitəçilərin iştirakı ilə Moskvada, Soçidə və Brüsseldə iki ölkənin liderləri arasında sülh gündəliyi ətrafında danışıqlar aparılıb. Ermənistanın baş naziri Nikol Paşinyan vasitəçilərin iştirakı ilə keçirilən müzakirələrdə, bir qayda olaraq, ölkəsinin sülhə sadiqliyindən danışır və vədlər verir. Ancaq Ermənistana geri qayıdandan dərhal sonra mövqeyini tamam dəyişərək müxalifətin təzyiqlərini azaltmağa və daxili auditoriyanın rəğbətini qazanmağa hesablanan açıqlamalar səsləndirir. Paşinyanın Moskvada, Soçidə, Brüsseldə səsləndirdiyi fikirlərlə İrəvanda söylədikləri heç bir halda üst-üstə düşmür və bir-birini təkzib edir. Onun və digər rəsmilərin dilə gətirdikləri açıqlamaların ümumi təhlilini apardıqda aydın olur ki, Ermənistanın rəhbərliyi sülhə gedən yolu yox, yenidən müharibəyə qayıtmaq ssenarisini seçib. Emənistanda postmüharibə dövründə cərəyan edən prosesləri izlədikdə aydın olur ki, məğlub ölkə son təxribatlara əvvəlcədən hazırlaşıb və zəmin yaradılıb. Uzun müddətdir ki, Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edirdi. O cümlədən Ermənistanda revanşist ab-hava qızışdırılır, “torpaqların qaytarılması”, “Qarabağın müstəqilliyinin təmin edilməsi” və s. bu kimi iddialar süni şəkildə stimullaşdırılırdı. Qarabağa qanunsuz olaraq hərbçilər və silah göndərilir, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər göstərilirdi. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı. Və yaxud Ermənistanın baş naziri bu yaxınlarda Vladivostokda keçirilmiş forumdakı çıxışını yada salaq. Ermənistanın baş naziri çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi və bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu. Bu kimi faktlar Ermənistanın uzun müddətdir ki, revanşa hazırlaşdığını və bunun üçün həm siyasi-hərbi, həm də informasiya zəmini formalaşdırdığını təsdiqləyir. Avqustun son günlərində Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə oldu və daxili təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün növbəti hərbi-siyasi avantüraya başlanıldı.
Azərbaycan postmüharibə mərhələsində dəfələrlə ən müxtəlif səviyyələrdə Ermənistanın revanşist siyasətini ifşa edib, məğlub ölkədə həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib və Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağını xəbərdar edib. Ermənistanın növbəti avantürası bir daha təsdiqlədi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım bu ölkənin özü üçün yeni faciələrə səbəb olacaq. Dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısının alınması məqsədilə Ordumuzun gördüyü qətiyyətli cavab tədbirləri nəticəsində Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, respublikamızın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Artıq Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. Bunun da sayəsində nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək.
Təəssüf ki, düşmən təxribatlarının qarşısını alarkən Vətən sevgisini öz canından artıq tutan qəhrəman hərbçlərimiz doğma torpağımızın müdafiəsi zamanı müqəddəs şəhidlik zirvəsinə ucaldılar. Rəşadətli Ordumuzun, qəhrəman hərbçilərimizin düşmənə verdiyi layiqli cavab, düşmən mövqelərinin darmadağın edilməsi Ermənistanı, onun havadarlarını və “beşinci kolon” funksiyasını yerinə yetirən radikal müxalifəti ciddi narahat edir. Bu səbəbdən də, ermənipərəst dairələrə xidmət edən radikallar dövlətimizə qarşı böhtan kampaniyasına başlayıblar. Onların sırasına həm xaricdəki ünsürlər, həm də daxildəki qruplar var. Əli Kərimli, Altay Göyüşov, Qubad İbadoğlu, Sevinc Osmanqızı, Qənimət Zahid və digərləri öz mövqeyi ilə düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Onlar şəhidlərimizdən öz siyasi məqsədləri üçün istifadə edir, əsassız manipulyasiyalar etməyə çalışır, ermənidən də çox erməni olduqlarını nümayiş etdirirlər. Belə əməllərin adı isə satqınlıq və milli xəyanətdir. Məlumdur ki, radikallar 44 günlük Vətən müharibəsində də qazandığımız şanlı qələbəyə kölgə salmağa cəhd edirdilər. Bütün bunlar isə əlk növbədə şəhidlərimizin ruhuna hörmətsizlik, sayğısızlıqdır. Ona görə də, bu gün cəmiyyətimiz satqınları və xəyanətkarların mövqeyini kəskin etirazla qarşılayır. Bir çox şəhid ailələri də onların əməllərinə etirazlarını bildirir və cəzalandırılmalarını tələb edirlər. Xalqımız, şəhidlərimizin ruhu bu xainləri bağışlamayacaq! Bütün vətəndaşlarımız bundan sonra da Müzəffər Ali Baş Komandanımızın və rəşadətli ordumuzla sarsılmaz həmrəylik nümayiş etdirərək yeni hədəflərə doğru irəliləyəcək!