Xəbərlər
“Bilik həftəsi”ndə şəhid övladları ilə görüş

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və PASHA Həyat Sığorta şirkətinin birgə təşkilatçılığı ilə yeni tədris ilinin başlanması ilə əlaqədar həyata keçirilən “Bilik həftəsi” adlı tədbir çərçivəsində bir qrup Vətən müharibəsi şəhidinin övladının iştirakı ilə görüş keçirildi.
Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək şəhid övladlarını qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Vüsar İsmayılov Vətən müharibəsində şəhidlərimizin və qazilərimizin qəhrəmanlığından bəhs etdi. Bütün xalqımızın şəhid qəhrəmanlarımızla daim qürur duyduğunu və onların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını qeyd etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan ətraflı bəhs etdi.
YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, PASHA Həyat Sığorta şirkətinin əməkdaşları Məryəm Abbasəliyeva və Vəli Məmmədov görüşdə çıxış edərək şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərilməsinin müqəddəs borc olduğunu söylədilər. Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıb, şagird övladlarını təbrik etdilər.
Görüşdə şəhid Asif Kərimovun övladı Gülay Kərimsoy doğum günü, şəhid Anar Şükürovun övladı Ümid Şükürov Xəzər Universtetinə daxil olması münasibətilə təbrik olundu.
Görüş çay süfrəsi ətrafında davam etdirildi və şəhid övladları məktəb ləvazimatları ilə təmin olundu. Görüşdə şəhidlərin ailələri ilə söhbət aparıldı, onlar göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər.