Xəbərlər
Arif Rəhimzadə: Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbulu bundan sonra qadağan olunacaq
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclasda “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin statusu haqqında” və “Büdcə sistemi haqqında” qanunlara dəyişikliklər edilməsi barədə layihələr müzakirəyə çıxarılıb. Komitənin sədri Arif Rəhimzadə bildirib ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna 11.4-cü maddənin əlavə olunması təklif edilir, yəni bundan sonra yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçiriləcək. Onun sözlərinə görə, bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbulu bundan sonra qadağan olunacaq. “Bu günə kimi yerli vergi və ödənişlər nağd şəklində də ödənə bilirdi. Bu da artıq-əskik söz-söhbətlərə səbəb olurdu. Qanuna təklif olunan mövcud dəyişiklik bu söz-söhbətlərin qarşısını alacaq, bu məsələdə şəffaflığın təmin olunmasına gətirib çıxaracaq”, - deyə A. Rəhimzadə qeyd edib.
"Bələdiyyələrin statusu haqqında" qanun layihəsi barədə məlumat verən A. Rəhimzadənin sözlərinə görə, təklif edilən dəyişikliyə əsasən bundan sonra bələdiyyələr tərəfindən hüquqi və fiziki şəxslərin müraciəti əsasında 5 gündən gec olmayaraq onların yerli vergilər və ödənişlər üzrə borcları barədə arayış veriləcək.
Komitə sədri, həmçinin, “Büdcə sistemi haqqında” qanuna təklif edilən dəyişiklik barədə məlumat verib.
Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib.