YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daha bir erməni təxribatı və yenə də “dəmir yumruq”

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü

13 sentyabr 2022-ci il səhərini cəbhə xəttindən həyəcan dolu xəbərlərlə açdıq: yenə ərazi bütövlüyümüzə qarşı təxribat, yenə atəş səsləri və nəticədə yenə insan itkiləri. Səbəb birdir - məğlub Ermənistanın əvvəl-axır, gec-tez birdəfəlik sonuna çıxacaq, onu dünya xəritəsindən siləcək “Böyük Ermənistan xülyaları”, revanş hissləri ilə alışıb yanmaları.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribata əl atıb. Belə ki, düşmən ölkənin silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər döyüş toqquşmasına gətirib çıxarıb. Nəticədə çox təəssüf ki, şəxsi heyətimiz arasında itkilər olduğu və hərbi infrastruktura ziyan dəydiyi bildirilir. Heç şübhəsiz həmişə olduğu kimi qarşı tərəfin canlı hərbi qüvvəsi və döyüş texnikası sırasında itkilər 2-3 qatdır. Çünki bir halda “Dəmir Yumruq” işə düşübsə, cavab kəskin olmasa, təxribatçılar layiqincə cəzalandırılmasa, bizə rahatlıq ola bilməz.

Ermənilərin belə təxribatlara əl atması nə birinci, nə sonuncudur. Həmişə iki ölkə arasında sülh danışıqlarında bir addım irəliləyiş olan kimi Ermənistanın oyuncaq baş naziri Nikol Paşinyanın iradəsindən aslı olan və ya olmayan faşist-revanşist qüvvələr dərhal çirkin əməllərə əl atır, cəbhədə mundar xislətlərinə uyğun qarşıqlıq yaradırlar. Əlbəttə həmişə, sülh danışıqlarına sadiq olan Azərbaycan da "iti an çomağı hazırla" atalar sözündəki kimi ona qarşı yönələn istənilən təhdid və təxribatlara səssiz qalmır, dərhal “Dəmir Yumruq”u işə salır. Bu dəfə də Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görüldü. İlkin dəqiqləşdirilməmiş məlumatlara görə, sərhədin müəyyən edilmiş hissəsində düşmənin 49 nəfər (bu ilkin rəqəmin artması istisna edilmir) canlı qüvvəsi məhv edilib, hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb.

Ümumiyyətlə, son zamanlar, xüsusən Laçın şəhəri, Sus və Zabux kəndləri Azərbaycanın nəzarətinə qaytarıldıqdan sonra bu və digər ərazilərdə minaların yerləşdirilməsi, dövlət sərhədi boyunca hərbiləşmənin artırılması, həmçinin erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmaması gərginliyin yüksəldilməsinə hesablanmış addımlar idi və görünən o idi ki, Ermənistan bu tipli əməlləri ilə danışıqları növbəti dəfə əngəlləməyə çalışır. Amma əsas məsələ ondan ibarətdir ki, hər dəfə belə təxribatlara əl atan Ermənistan Azərbaycan tərəfindən ciddi cəzalandırılmasından nəticə çıxarmaq istəmir. Hələ qırxı çıxmamış Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı qüvvələrinə qarşı aparılan “Qisas” və ya “Antiterror” əməliyyatlarının nəticələrini nə tez unutdular. Yəni, Paşinyan və çətinə düşən kimi gecə saatlarında zəhlələrini tökdüyü ABŞ, Rusiya və Avropa liderləri görmürlər ki, törədilən son hərbi təxribat da bu ölkənin çirikin əməllərin davamıdır. Necə də tanış mənzərədir: II Qarabağ müharibəsində qəhrəman igidlərimiz Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğal altında olan torpaqları qurtarmaq mücadiləsi apararkən Ermənistan rəhbəri imdad axtarışında idi. Eyni ilə indi də Ermənistan tərəfi sərhəddə təxribat törətmələrinə baxmayaraq, gecə saatlarından etibarən öz çirkin əməllərinə don geyindirmək üçün beynəlxalq ictimaiyyətə haray salmağa başlayıb. Paşinyan gecə saatlarından tutmuş səhərə qədər, Rusiya, Fransa, İran, Avropa Şurası, KTMT rəhbərlərinə, ABŞ dövlət katibinə zəng edib yalvararaq Azərbaycanı durdurmaq üçün səy göstərmələrini xahiş edib.

Amma onu unudurlar ki, təcavüzkar dövlətin belə əməllərinə, cavab vermək, təhlükə doğuran legitim hədəfləri məhv etmək, ərazi bütövlüyünün təhlükəsizliyini qorumaq Azərbaycanın BMT tərəfindən təsbit edilən suveren hüququdur.

Ermənistan tərəfi, onların havadarları anlamalıdırlar törətdikləri təxribatlarla heç nə əldə edə bilməyəcəklər. Onların qarşısında ötən əsrin 90-cı illərin nə zəif Azərbaycan rəhbərliyi, nə də pərakəndə, tam formalaşmamış ordu deyil, güclü və yenilməz, iki il öncə təcavüzkar ordularını məhv etmiş QALİB RƏHBƏR, MÜZƏFFƏR ORDU dayanır.

Ona görə hələ də gec deyil, yeni reallıqları qəbul etmək lazımdır, insan itkiləri ilə nəticələnən təxribatlardan əl çəkilməlidir. Başa düşürük, Ermənistanın keçmiş və indiki rəhbərliyi üçün insan həyatının heç bir dəyəri yoxdur. Əks halda 44 günlük Vətən Müharibəsində aldığınız zərbələrin ağrı-acısı unudulmamış, yeni müharibəyə səbəb olacaq davranışlar sərgiləməzdilər. Azərbaycanın sülh səylərinə qarşılıq verməlidirlər. Yalnız Ermənistanın yeganə xilas yoludur. Əks halda yanlış düşüncələri ilə, nəinki Qafqazdan, Yer kürəsindən silinib, yox olmaları an məsələsi olacaq.

Müdriklərimizin gözəl bir deyimi var: “Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır”. Amma bu deyimi ermənilərə aid edə bilmirik. Nə yazıq ki, bəşər övladı dünyaya gəldiyi zaman ailəsini, milliyyətini seçmək imkanında olmadığı kimi, xalq da yaşadığı dövlətin, ölkənin qonşusunu seçmək imkanında olmur. Yoxsa, müvəqqəti qonaq dəvət olunduqları yerə “Yer mənim” deyib qan tökmək, zülmlər etmək, evlər dağıtmaq, insan öldürmək yolunu tutan ermənilərlə hansı millət qonşu olmaq istəyər ki...