YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

160-dan çox nümayəndə Cənubi Qafqazın diplomatiya paytaxtında...

Avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans başa çatıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cənubi Qafqazın ən mühüm şəhərlərindən birinə çevrildiyini bildirib. Deyib ki, hazırda işğaldan azad olunmuş ərazidə Azərbaycan hökuməti tərəfindən bərpa və yenidənqurma layihələri sürətlə həyata keçirilir.

Prezidentin köməkçisi 30 illik işğal dövründə kəndlərin və şəhərlərin xarabalığa çevrildiyini, binaların dağıdıldığını qeyd edib. Bildirib ki, 30 il sonra bölgəyə yenidən həyat qayıdıb.

“Ermənilər tərəfindən basdırılmış minalar regionda bərpa işlərinin davam etdirilməsinə maneə yaradır. Azərbaycan dünyanın minalarla ən çox çirkləndirilmiş ölkərindən biridir”, - deyə H.Hacıyev vurğulayıb.

Dünən Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçdiyini bildirən H.Hacıyev bu kəndlərdə heç zaman ermənilərin yaşamadığını qeyd edib.

“Azərbaycan daimi sülhün olduğu, firavan region yaratmaq, Ermənistanın da regional əməkdaşlığın bir hissəsi olmasını istəyir. İki ölkə arasında danışıqlar, əsasən, sərhədlərin delimitasiyası, humanitar məsələlər, nəqliyyat-kommunikasiya və sülh sazişinin hazırlanması istiqamətlərində gedir”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Hikmət Hacıyev bəyan edib ki, bu ayın sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq. Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq.

Daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın yaradılması barədə razılıq əldə olunduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri bu ayın sonunda Moskvada görüşəcəklər. Onlar nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklər.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov şəhərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verib. Deyib ki, Şuşa işğaldan azad olunduqdan sonra şəhərin tarixi, mədəni və strateji əhəmiyyətə malik ərazilərinin, abidələrinin bərpasına başlanılıb. Əsas abidələr erməni vandalizminə məruz qalıb. Onların bir çoxu tamamilə dağıdılıb. Hazırda abidələrin bərpası və yenidən qurulması həyata keçirilir.

Xüsusi nümayəndə Şuşada dağıdılmış evlərin bərpası prosesinə də başlanıldığını qeyd edib. Diqqətə çatdırıb ki, hazırda bu proses davam edir, həmçinin yeni yaşayış məntəqələri inşa olunur və 2023-cü ilin sonunda evlər istifadəyə veriləcək. Eyni zamanda, şəhərdə yeni məktəbin, şəhər xəstəxanasının, yeni məscidin və otel kompleksinin inşa ediləcəyi vurğulanıb.

Daşaltı kəndinin böyük turizm potensialının olduğunu deyən A.Kərimov bildirib ki, kəndin Baş planının hazırlanması işləri tamamlandıqdan sonra orada yenidənqurma işlərinə başlanılacaq.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışında bildirib ki, 30 illik işğal dövründə ermənilər regionun ekosisteminə ziyan vurub, etnik və mədəni abidələr dağıdılıb.

Otuz il ərzində işğal altında olan torpaqlara vurulan zərər barədə danışan xüsusi nümayəndə dağıdılmış ərazilərin sahəsinin çox geniş olduğunu, 54 min hektar ərazidə dağıntıların törədildiyini qeyd edib.

E.Hüseynov diqqətə çatdırıb ki, qısa müddət ərzində görülən tikinti-bərpa işləri dünya üçün nümunəvi sayıla bilər.

Xüsusi nümayəndə bütün bərpa və yenidənqurma işlərinin əsas istiqamətlərinin Baş planın hazırlanması, infrastruktur layihələrinin həyata keçirilməsi üçün ərazilərin minalardan təmizlənməsi, sosial və ictimai infrastrukturlarla tam təmin edilmə və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması olduğunu vurğulayıb.

“Mədəni irsin qorunub saxlanılması bizim əsas prioritetimizdir. Ağdamda Cümə və Qiyaslı məscidləri bərpa olunub. Bundan əlavə, Ağdam və Füzulidə açıq səma altında İşğal və Zəfər muzeyləri də yaradılır”, - deyə E.Hüseynov əlavə edib.

Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Zəngilanda indiyədək gerçəkləşən və həyata keçiriləcək layihələr haqqında danışıb. O, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın artıq başladığını, Zəngilanda “ağıllı kənd” layihəsinin həyata keçirildiyini diqqətə çatdırıb. O, bu layihənin reallaşdırıldığı Ağalı kəndində indiyədək 200 evin inşasının tamamlandığını və 150 evin tikintisinin planlaşdırıldığını deyib.

“Zəngilan dağıntılara ən çox məruz qalmış rayonlardan biridir. Zəngilanın yenidən qurulması və bərpası işlərində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri nəzərə alınmaqdadır”, - deyə Vahid Hacıyev vurğulayıb.

Prezidentin xüsusi nümayəndəsi Zəngilanda hava limanının inşasının davam etdiyini də bildirib. O, həmçinin Zəngilanda ekoturizm və aqroturizm, eləcə də Günəş enerjisindən istifadə üçün əlverişli şəraitin olduğunu qeyd edib. Deyib ki, bununla da regionun təbiətinə zərər vermədən bölgəni elektrik enerjisi ilə təmin etmək mümkün olacaq.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev işğaldan azad olunmuş ərazilərdə görülən memarlıq işləri barədə danışıb. O, işğaldan azad olunan bütün ərazilərdə tikinti işlərinin sürətlə davam etdirildiyini deyib.

Komitə sədri qeyd edib ki, hər bir rayonun özünəməxsus memarlıq xüsusiyyətləri var. Bərpa və yenidənqurma işləri zamanı layihələr bu xüsusiyyətlərə diqqət göstərilərək həyata keçirilir.

A.Quliyevin sözlərinə görə, oktyabrın 5-6-da BMT-nin Məskunlaşma Proqramı ilə (UN-HABITAT) birgə əməkdaşlıq çərçivəsində Ağdamda Milli Şəhərsalma Forumu keçiriləcək.

“Hazırda keçmiş məcburi köçkünlərin tamamilə nə zaman köçürüləcəyini demək çətindir. İnanırıq ki, hər ötən il biz yeni kvotanı təqdim edə biləcəyik. Bu gün görülən işlər bunu deməyimizə əsas verir”, - deyə Anar Quliyev bildirib.

Azərbaycan Respublikasının Dövlət Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizin böyük mina problemi ilə üzləşdiyini deyib. Qeyd edib ki, minatəmizləmə işləri davam edir, lakin problem böyükdür və bu, tikinti-bərpa işlərinə maneə yaradır.

ANAMA-nın sədr müavini Samir Poladov minaların insanların həyatına yaratdığı təhlükədən danışıb. O, işğal zamanı dağıdılmış ərazilərin də minalarla çirkləndiyini və bu yerlərin də təhlükəli ərazilər sayıldığını diqqətə çatdırıb.

“İndiyədək ümumilikdə 49 min 395,3 hektar ərazi minalardan təmizlənib, minalar və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib. Həmçinin minaların partlaması nəticəsində 240 mülki və hərbçi həlak olub və ya yaralanıb”, - deyə S.Poladov diqqətə çatdırıb.

Minaların insanların həyatına yaratdığı təhlükədən danışan S.Poladov işğal zamanı dağıdılmış ərazilərin də minalarla çirkləndiyini və bu yerlərin də təhlükəli ərazilər sayıldığını qeyd edib. Həmçinin bildirib ki, Ermənistan tərəfindən minalarla bağlı hər hansı xəritə təqdim edilməyib.

Samir Poladov vurğulayıb ki, minatəmizləmə işləri prioritet olaraq əsas nəqliyyat yollarında, mühüm infrastruktur binalarında, əsas rayon və kəndlərdə aparılır. Diqqətə çatdırılıb ki, minatəmizləmə əməliyyatlarının uğurla davam etməsi keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması prosesi və münaqişənin təsirinə məruz qalmış ərazilərin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.

Sonda xatirə şəkili çəkilib.

Qeyd edək ki, konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edib.

Nümayəndələr arasında Avropa İttifaqının, BMT-nin və bu təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının, BMT-nin Uşaq Fondunun, İnkişaf Proqramının, Əhali Fondunun, Dünya Bankının, Türk Dövlətləri Təşkilatının, Türk Mədəniyyət və İrsi Fondunun, TÜRKSOY-un, Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın, Avropa Yenidənqurma və İnkişaf Bankının, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliklərinin rəhbərləri, bütün qitələri əhatə edən, o cümlədən Böyük Britaniya, Niderland, İsveç, Danimarka, Belçika, Almaniya, İtaliya, Müqəddəs Taxt-Tac, Macarıstan, Portuqaliya, Polşa, Çexiya, İran, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Çin, Filippin, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Kanada, Dominikan, Qvineya, Salvador, Meksika, Panama, Argentina, Braziliya, Qvatemala, Uqanda, Ruanda, Sudan, Çad, Kamerun, Namibiya, Mərakeş, Liviya və digər ölkələrin səfirləri, səfirliklərinin əməkdaşları və hərbi attaşeləri yer alıblar.

Konfransa Türkiyədən qatılan diplomat və hərbi attaşelərin Ankara-Füzuli aviareysi ilə ölkəmizə gəlmələrinin əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Xatırladaq ki, konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərimizə səfəri Füzuli Beynəlxalq Hava Limanından başlayıb. Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər Füzuli şəhəri, eləcə də rayonun Dövlətyarlı kəndi ərazisində minatəmizləmə işləri ilə tanış olub, tapılmış minaların zərərsizləşdirilməsi prosesinə baxıblar. Sonra Şuşa şəhərinə yola düşən heyət Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi başa çatmaqda olan tunelə yolüstü baxış keçiriblər.

Konfransdan sonra iştirakçılar Şuşa şəhərinin görməli yerləri - Yuxarı Gövhər Ağa məscidi və Şuşa Realnı məktəbi, Cıdır düzü, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri yerləşən Şuşa şəhər mərkəzi meydanında olub, Şuşa qala divarlarını ziyarət edib, Qazançı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olublar.

DİGƏR Xəbərlər Arxiv