Xəbərlər
Qazaxıstan-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
Varis Rüstəmov
YAP Sabirabad rayon təşkilatının sədri
Avqustun 27-də müstəqil Azərbaycan ilə Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Yerləşdikləri regionlarında aparıcı dövlət hesab olunan hər iki ölkə təxminən 30 il ərzində siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə böyük inkişaf yolu keçib, mühüm nəticələr əldə edib. Bununla belə, yaxın olan xalqlarımız arasında münasibətlər qədim dövrlərə, müasir Qazaxıstanın cənubunda və qərbində mövcud olmuş Oğuz dövlətinə qədər gedib çıxır. Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib.
Diqqətəlayiqdir ki, Xəzər dənizinin qərb və şərq sahillərindən olan iki türk dövləti dövlətçiliyin çiçəklənməsi, parçalanma və müstəmləkəçilik kimi müxtəlif çətin dövrlərdən keçərək bu gün öz inkişafının oxşar mərhələlərindədir. Hər iki postsovet ölkəsi ənənəvi olaraq açıq xarici siyasət yürüdür, müasirləşməyə və dünya iqtisadi proseslərində fəal iştiraka çalışır.
Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlər bu gün strateji tərəfdaşlıq səviyyəsindədir və müttəfiqlik xarakteri daşıyır və bu, Qazaxıstan Prezidentinin Bakıya səfərinin yekununda imzalanan Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə, həmçinin Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramı ilə rəsmi olaraq təyin edilib.
Qazaxıstan və Azərbaycan yeni nəqliyyat-logistika marşrutu yaratmağı nəzərdə tutur. Bu məsələ “Samruk-Karzına” Səhmdar Cəmiyyətinin sədri Almasadam Satkaliyevin Azərbaycana səfəri zamanı rəsmi görüşlərdə müzakirə olunub. Layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına töhfə verəcək.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tamamlanması Qazaxıstan və Azərbaycanın Avropa və Asiyanın mühüm iqtisadi mərkəzlərinə çevrilməsinə kömək edəcək. Belə ki, bu dəmir yolu vasitəsilə Çindən Türkiyəyə məhsullar cəmi 12 günə çatdırıla bilir.
Hər iki ölkənin kənd təsərrüfatı sahəsində də əməkdaşlığının inkişafı üçün geniş potensialı var. Xüsusilə ərzaq təhlükəsizliyi qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişaf etdirilməsi çox vacibdir. Artıq bu sahədə tərəflərin ehtiyaclarının hesablanması üçün yeni araşdırmalar aparılır, ticarət missiyaları təşkil olunur.
Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Təsadüfi deyil ki, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd edib.
Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcək.