YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Londonda “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Heydər Əliyev Fondu və I Avropa Oyunları Təşkilat Komitəsinin birgə təşkilatçılığı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Londonun məşhur “The Dorchester Hotel”ində birinci Avropa Oyunlarının təqdimatı keçirilib.

Ziyafət şəklində təşkil edilən mərasimdə hər iki ölkədən dövlət və hökumət nümayəndələri, Britaniyaya akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, deputatlar, London ictimaiyyəti nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Gecədə tədbir haqqında məlumat verilib, “Baku-2015” Avropa Oyunlarına hazırlıq prosesindən danışılıb. Paytaxt Bakını bir neçə dəfə ziyarət etdiyini bildirən aparıcı, hazırlıq işlərinin yüksək səviyyədə olduğunu və birinci Avropa Oyunlarının möhtəşəm idman tədbiri olacağını diqqətə çatdırıb.

Gənclər və idman naziri Azad Rəhimov “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq prosesindən, görülmüş işlərdən və oyunların ilk dəfə məhz Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb. Nazir bildirib ki, yaxın keçmişdə London beynəlxalq olimpiya oyunlarına ev sahibliyi edib. Yüksək səviyyəli idman təcrübəsi olan bir şəhərdə Avropa oyunlarının təqdimatını keçirmək olduqca qururvericidir.

A.Rəhimov Avropa Oyunlarının ilk məşəlinin alovlandırılması mərasimi haqqında danışıb. Prezident İlham Əliyevin məşəli alovlandırması ilə oyunların həyəcanını artıq Azərbaycanın hər nöqtəsində hiss etməyin mümkün olduğunu qeyd edilib.

Dövlət rəsmisi vurğulayıb ki, idmanı dəstəkləmək və inkişaf etdirmək Azərbaycanın milli prioritetləri sırasındadır. Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuzun təsdiqidir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqət çəkən bu hadisə həm də, Azərbaycanın idman sahəsində son illərdə qazandığı uğurlara inamın göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycan 2002-ci ildən bəri 36 beynəlxalq yarışa ev sahibliyi edib. 2014-cü ildə Bədii Gimnastika üzrə Avropa Çempionatı da Bakıda keçirilib. İyirmi üç illik müstəqilliyi dövründə 200-dən artıq atletlə Yay və Qış Olimpiya Oyunlarında təmsil olunan ölkəmiz bu günədək olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə qədər medal qazanıb.

Nazir, Azərbaycan və Britaniya arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyətlərarası dialoqun təşviq olunması və gənclərin təhsil almaları üçün imkanların yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlər barədə də məlumat verib.

Çıxışının sonunda nazir qonaqları möhtəşəm idman tədbirini izləməyə dəvət edib.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Baku-2015” Avropa oyunlarının təşkilatçılığında əməyi olan hər kəsə minnətdarlığını bildirib və bu yarışmanın heyrətamiz idman tədbiri olacağına əminliyini ifadə edib. Qeyd edilib ki, Avropa tarixən idman qitəsi olub. Qitəmizin gənc nümayəndəsi Azərbaycan, son illərdəki sürətli inkişafı və bir çox beynəlxalq idman tədbirlərini yüksək səviyyədə qarşılaması ilə idman ölkəsi olduğunu təsdiqləyib.

Komitə prezidenti diqqətə çatdırıb ki, iyun ayında keçiriləcək oyunlarla Avropa qitəsi Azərbaycan ilə qürur duyacaq.

Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coe gecənin təşkilatçılarına minnətdarlığını ifadə edib. Oyunların başlamasına çox az bir vaxt qaldığını, hamının həyəcanlı olduğunu və idman tədbirini səbirsizliklə gözlədiklərini bildirib. “Baku-2015” Avropa Oyunlarının xüsusilə gənc atletlər üçün böyük fürsət olduğunu vurğulayıb. Paytaxt Bakının bundan sonrada beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi edəcəyindən əminliyini ifadə edib.

“Bakı-2015”in baş əməliyyat direktoru Simon Kleqq qeyd edib ki, Avropa oyunlarının qitənin idman təqvimində xüsusi yer tutacağı şübhə doğurmur. Avropa cüdo çempionatının da oyunlara əlavə edilməsi bunun daha bir sübutudur. S. Kleqq vurğulayıb ki, ilk dəfə keçirilməsinin doğurduğu çətinliklərə baxmayaraq, ilk Avropa oyunları bundan sonra dörd illik beynəlxalq səviyyəli idman tədbiri olacaq.

S.Kleqq, həmçinin Azərbaycanın tarixi uğurlarından bəhs edərək, müsəlman dünyasında qadınlara ilk səsvermə hüququnun məhz Azərbaycanda reallaşdığını bildirib. Paytaxt Bakının tarixi memarlıq abidələrindən bəhs edən S.Kleqq, bu gənc ölkənin qısa zamanda əldə etdiyi uğurların təqdirəlayiq olduğunu vurğulayıb.

Tədbir çərçivəsində ilk Avropa Oyunları ilə bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib. Azərbaycanda yaradılmış çoxfunksiyalı, müasir idman infrastrukturu tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Gecə fortepianonun müşayiəti ilə azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın ifasında konsert proqramı ilə davam edib.

Tədbir çərçivəsində qonaqlara Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, Birinci Avropa Oyunlarına aid Azərbaycanın milli mənəvi dəyərlərini əks etdirən suvenir və jurnallardan ibarət hədiyyələr paylanılıb.