Xəbərlər
Əhməd Davudoğlu: TANAP layihəsi həm Türkiyə, həm də Avropa üçün olduqca vacibdir
Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi həm Türkiyə, həm də Avropa üçün olduqca vacibdir.
Bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, TANAP Avropanı qazla təchiz etməklə yanaşı, regionun inkişafına da xidmət edəcək.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin ötürücülük qabiliyyətinin sonradan 24 milyard kubmetrə və daha sonra 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. 1850 kilometr uzunluğunda “Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəməri qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.