Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Maltanın Baş nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Malta Respublikasının Baş naziri Cozef Muskatı qəbul edib.
Azərbaycan ilə Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Baş nazir Cozef Muskatın ölkəmizə son səfərindən sonra əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın yarandığını dedi.
Malta Respublikasının Baş naziri Cozef Muskat ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Ölkəmizdə sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan Baş nazir Azərbaycanda gedən bu müsbət proseslərə Avropa tərəfindən obyektiv qiymət verilməsinə tərəfdar olduğunu bildirdi.
Görüşdə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olundu, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.