Xəbərlər
Əli Məsimli: May ayında dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yoxdur
«May ayında dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yoxdur. Çünki neftin qiyməti dövlət büdcəsinə ciddi təsir göstərmir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli deyib.
Ə.Məsimli bildirib ki, bu məsələni qaldıranlar büdcənin strukturu ilə tanış deyillər. Onun sözlərinə görə, ümumi götürəndə Azərbaycan büdcəsinin 65%-i neft amili ilə bağlı olsa da, 53%-i Neft Fondundan daxil olmadır və qalıq isə 12%-ə yaxın olur. 12%-ə yaxın olan vəsait də 2,3 milyard manatdır. 2,3 milyard manatdan başqa Azərbaycan büdcəsinin qalan hissələrinə neftin qiymətinin aşağı düşməsi birbaşa təsir göstərmir.
«Devalvasiya nəticəsində büdcəyə daxil olacaq əlavə vəsait isə neftin qiymətinin dünya bazarında düşməsi nəticəsində Azərbaycan büdcəsinin itirdiklərini kompensasiya edə biləcək. Əgər bu amili də nəzərə almasaq, ötən ildən qalan vəsaitlər hesabına əlavə gələn gəlirlə büdcəni örtmək mümkün olacaq. Yəni büdcədən xərclənən hər manatın səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlər hesabına neftin qiymətinin aşağı düşməsi nəticəsində itkilər kompensasiya edilə bilər»- deyə, komitə üzvü qeyd edib.