Xəbərlər
Azərbaycanın təşəbbüsləri Qoşulmama Hərəkatının institusional inkişafına yönəlib
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dönəmi bu beynəlxalq təsisatın tarixində xüsusi inkişaf dövrü kimi xarakterizə edilir. Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı Azərbaycanın mühüm təşəbbüslərilə institusional yeniliklərə imza atır. Belə bir yenilik iyunun 30-da Bakıda baş tutdu. Keçirilən Bakı Konfransı nəticəsində Qoşulmama Hərkatının Parlament Şəbəkəsi yaradıldı.
Qoşulmama Hərkatının Parlament Şəbəkəsinin Bakı Konfransında çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin sədrlik dövründə Hərəkatın fəaliyyətindən və görülmüş işlərdən geniş bəhs etdi. Ölkə başçısı Qoşulmama Hərəkatının Azərbaycanın haqq işinə hər zaman dəstək verdiyini və 44 günlük Vətən müharibəsi dövründə üzv ölkələrin anti-Azərbaycan mahiyyətli bəyanatı bloklayaraq ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane olduqlarını xüsusilə qeyd etdi.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə tarixi ədaləti bərpa edərək 30 illik işğala son qoydu. Ölkəmiz həm hərb meydanında, həm də diplomatik müstəvidə parlaq Zəfər qazandı. Azərbaycanın sarsılmaz gücü qarşısında aciz qalan Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. 30 il boyunca işğala məruz qalmasına rəğmən Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı idi. Münaqişənin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ola bilərdi. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı. Baxmayaraq ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi ki, orada erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Ermənistana qarşı heç bir sanksiyanın tətbiq edilməməsi, əksinə müəyyən dairələrdən dəstəyin göstərilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. Bu hal həmçinin beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması demək idi. Odur ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyəti təkcə regional deyil, qlobal məsələ kimi qəbul etmək lazımdır. Belə problemlərlə bir Azərbaycan deyil, başqa ölkələr də üzləşirlər və gəlcəkdə də üzləşə bilərlər. Bir halda ki, müsair dünyada qlobal qütbləşmə, müharibə, münaqişə, proqnozlaşdırıla bilinməyən vəziyyət, ərzaq, enerji və humanitar böhranlar baş verməkdədir. Belə olan halda Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Məhz Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər də həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, həmçinin Qoşulmama Hərəkatının institusional inkişafına yönəlib. Azərbaycanın irəli sürdüyü təşəbbüslər isə Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən təqdir edilir və dəstəklənir. Məhz 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması da bu deyilənlərin göstəricisi, eyni zamanda, ölkəmizə qarşı olan böyük hörmət və Azərbaycanın fəaliyyətinin yüksək qiymətləndirilməsinin əlamətidir.