Xəbərlər
Azərbaycan region ölkələrinin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir
Elçin İsmayılov
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri
İyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı region ölkələrinin əməkdaşlığının gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. 5 Xəzəryanı ölkənin liderlərinin müntəzəm görüşmələri qarşılıqlı əlaqələri daha da möhkəmlədir.
Zəngin enerji resurslarına, Avropaya qədər uzanan neft-qaz boru kəmərlərinə və nəqliyyat dəhlizlərinə malik olması Xəzər hövzəsi regionunu beynəlxalq miqyasda çox mühüm geosiyasi və geoiqtisadi önəmə malik bölgə kimi səciyyələndirir. Azərbaycan region ölkələrinin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin Zirvə Toplantısında çıxışı zamanı qeyd etdiyi kimi, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik gərgin əmək nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.
Bu günə kimi Xəzər hövzəsi regionunda çoxsaylı enerji və nəqliyyat layihələri reallaşdırlıb və bu layihələrin həyata vəsiqə qazanmasına Azərbaycan da özünün böyük töhfələrini verib. Region ölkələrinin qarşılıqlı fəaliyyətinin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Ölkə başçımızın qeyd etdiyi kimi, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Eləcə də, nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.
Ətraf mühitin vəziyyəti ilə əlaqədar Xəzəryanı dövlətlərin narahatlığına səbəb olan problemlərin həlli bütünlükdə dünya düzəninin tarazlanmasına da təsir imkanlarına malikdir. Ekoloji sabitliyin insan amilinə göstərilən qayğının tərkib hissəsi kimi daim diqqətdə saxlanıldığı Azərbaycanda Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün birgə əməkdaşlığın genişləndirilməsinə xüsusi fikir verilir. Ölkəmizin Xəzərin bioehtiyatlarının və su hövzəsinin qorunması naminə lazımi tədbirlərin görülməsində maraqlı olduğunu bildirən Prezident İlham Əliyev dənizin dayazlaşma dinamikasından narahatlığını da ifadə edib.
Prezident İlham Əliyev Zirvə Toplantısındakı çıxışında respublikamızın Xəzəryanı ölkələrlə münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluq hissi ilə nəzərə çatdırıb. Beləliklə, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.