Xəbərlər
Azərbaycan regional əməkdaşlığa davamlı töhfələri ilə diqqətdədir
Mehdi Balabəyov
Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri
Azərbaycan xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasına və yeni prioritetlər üzrə inkişaf etdirilməsinə xüsusi önəm verir. Ölkəmizin bu istiqamətdə qazandığı uğurlar göz önündədir. Azərbaycan yeni-yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınır və nüfuz qazanır. Regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri dövlətləri və xalqları birləşdirir, ikitərəfli və çoxtərəfli əməkdaşlığa yeni çalarlar əlavə edir.
Azərbaycan bu gün tarixi Zəfərinin reallıqlarını yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri ilə yanaşı, yeni əməkdaşlıq formatlarının yaradılması üçün bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində addımlar atılır. Xarici siyasətimizin dəyişməz olan bu pinsipi daim önə çəkilir ki, Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurur və inkişaf etdirir. Ölkəmizin xarici siyasətində reğion dövlətləri ilə əməkdaşlığın inkişafı əsasdır. Bu baxımdan iyun ayının 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı xüsusi diqqətçəkəndir.
Toplantıda dövlət başçısı İlham Əliyev Azərbaycanın ölkələrin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini önə çəkərək bildirdi ki, Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Ölkə Prezidenti İlham Əliyev hədəfləri özündə ehtiva edən nitqində Azərbaycanın bu gün Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini əsaslı şəkildə diqqətə çatdırdı. Belə ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.
Bu məqam da xüsusi qeyd edildi ki, Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artması müşahidə edilir. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub.
Qeyd etdiyimiz kimi, bu gün tarixi Zəfərimizin reallıqları fonunda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlərə başlanılıb. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, təkmilləşdirilməsi işğaldan azad edilmiş ərazilərimizdə də əsasdır. Zəngəzur dəhlizi artıq reallığa çevrilir.
Hər bir beynəlxalq tədbir mahiyyəti baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu fikri böyük inamla qeyd edirik ki, 2018-ci ildə Xəzərin hüquqi stanun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanmasından sonra Xəzəryanı dövlətlər arasında əməkdaşlığın inkişafında yeni bir məhələ başlayıb. Dövlət başçısı İlham Əliyev Zirvə Toplantısında bu məqamı da xüsusi qeyd etdi ki, Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.
Müzakirə olunan məsələlərin aktuallığı baxımından xüsusi diqqət çəkən Zirvə Toplantısı regionda və Xəzər hövzəsində əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə olacaq.