Xəbərlər
YAP Kəlbəcər rayon təşkilatı görüş keçirib
Kəlbəcər şəhər Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə görüş keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon Təhsil Sektoru üzrə ərazi partiya təşkilatının sədri Namiq Rəcəbov, məktəbin direktoru və 1 saylı ərazi partiya təşkilatının sədri Vəsilə Cəfərova, Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin atası Vaqif Əliyev, Kəlbəcər Məşğulluq Mərkəzinin direktoru Hikmət Yusibov və digərləri çıxış ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər sayəsində Kəlbəcərin işğaldan azad edilməsindən beş il keçir. Bu gün Kəlbəcərdə, eləcə də digər azad olunmuş ərazilərimizdə geniş quruculuq və abadlıq işləri görülür, irimiqyaslı layihələr həyata keçirilir. Bütün bu işlər tezliklə bölgədə həyatın tam şəkildə canlanacağından xəbər verir.
Dövlət başçısı İlham Əliyevin Kəlbəcərə səfəri 30 ildən artıq öz yurd-yuvasından ayrı düşmüş sakinlərin doğma torpaqlara böyük qayıdışının başlanğıcı kimi tarixə düşüb. Hazırda Kəlbəcərdə təhsil infrastrukturu sürətlə yenidən qurulur. Doğma yurda qayıdan uşaqların məktəbə qədəm qoyması bölgədə normal həyatın bərpasının mühüm göstəricisidir.
