Xəbərlər
Azərbaycan XXI əsrin ən mürəkkəb bərpa-yenidənqurma işlərini həyata keçirir
Müşfiq Cəfərov
Milli Məclisin deputatı
Bu il Ümumdünya Şəhər Forumunda 6 əsas mövzu müzakirə edilib. Bu 6 mövzudan başqa Ukraynadakı müharibə ilə əlaqədar Polşanın xahişi ilə proqramda müharibədən sonra şəhərlərin bərpası mövzusu da yer alıb. Düşünürəm ki, bu qərar həqiqətən yerində oldu. Çünki forumda çıxışında cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycanın şəhər və kəndləri 30 il dayanmadan işğalçı istismarına məruz qalmışdır. Bu gün həmin şəhərlərdə işğal və zəfər muzeyləri yaradılır ki, bu da beynəlxalq aləmə müharibədən sonra şəhərlərin bərpası mövzusunda fakt olaraq təqdim olunan əyani sübut olacaq.
Ölkə başçısı müharibə ilə bağlı həqiqətləri forum iştirakçılarının diqqətinə çatdırarkən qeyd edib ki, Qarabağda 30 ildə törədilən dağıntılar bəlkə də İkinci Dünya müharibəsində bu miqyasda dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Həqiqətən bu vəhşilikləri XXI əsrin insanlıq faciəsi adlandırmaq olar.
Hazırda dövlətimiz XXI əsrin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Biz 30 illik viranəliyi heç bir beynəlxalq təşkilatın dəstəyi olmadan həyata keçirdirik. Azərbaycan ordusunun öz gücünə işğaldan azad etdiyi torpaqları dövlətimiz də öz gücünə bərpa edir.