YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı Xəzəryanı dövlətlərin əsas hədəflərindəndir

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri 

Azərbaycan xarici siyasətinin əsas tərkib  hissəsi kimi region ölkələri ilə əlaqələrinin inkişafına xüsusi diqqət göstərir, bu əməkdaşlığın yeni istiqamətlər üzrə möhkəmləndirilməsində maraqlıdır. Xəzəryanı dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkişafı da bunun bariz nümunəsidir. Azərbaycan hər zaman Xəzər dənizinə sülh, əməkdaşlıq, qardaşlıq, dostluq dənizi kimi diqqət göstərib.  Uzun illər Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində göstərilən səylər də bunu deməyə əsas verir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Xəzər dənizi sülh, dostluq, əməkdaşlıq dənizi olmalıdır” çağırışı bugünkü reallıqlarımızda öz əksini tapıb. Qeyd etdiyimiz kimi, Xəzərin hüquqi statusu məsələsi uzun illər Azərbaycanın xarici siyasətində  Qarabağ münaqişəsindən sonra həllini gözləyən ikinci əsas məsələ idi.  Artıq hər iki məsələ öz həllini tapıb. Azərbaycan bu uğurları ilə xarici siyasətinin dəyişməz prinsplərini dünyaya bəyan etməklə yanaşı, hədəflərini də açıqladı. Regionda dayanıqlı sülhün və inkişafın təmin edilməsi əsas tələb kimi qarşımızdadır.

Dövlət başçısı İlham Əliyev iyununun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı nitqində keçilən yolun təhlili fonunda hədəflərə diqqəti yönəltdi. Ölkə Prezidenti bildirdi ki, Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir. Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əməkdaşlıq barədə sazişlərin yeni layihələri üzərində iş başlanıb. Bu layihələr müzakirə prosesindədir və hazır olduqca imzalanmaq üçün təqdim ediləcək. Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Məlumdur ki, 2018-ci ildə   Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə Toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu mühüm sənədin Xəzəryanı dövlətlərə gətirəcəyi iqtisadi və siyasi dividendlər geniş müzakirə olundu. Müxtəlif fikirlərin fonunda  ümumi rəy bu oldu ki,  Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın, bölgədə sülhün, təhlükəsizliyin daha da möhkəmlənməsinə təkan verəcək.

Bu gün əminliklə qeyd edirik ki, Xəzəryanı ölkələr arasında geniş əməkdaşlıq münasibətləri mövcuddur. Eyni zamanda, Azərbaycanın tarixi Zəfərinin yaratdığı yeni reallıqlar, əməkdaşlıq formatları gələcək üçün geniş imkanlar açır.

Azərbaycan öz təbii resurslarından səmərəli istifadə etməklə həm iqtisadi imkanlarını artırır, həm də siyasi mövqeyini möhkəmləndirir.  Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurların  xronologiyasına diqqət yetirmək kifayətdir.  1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasından bu günədək Azərbaycanın enerji sektorunda qazandığı uğurlar fonunda əminliklə qeyd edirik ki, artıq əməkdaşlıq regional çərçivədən çıxaraq  beynəlxalq səviyyədə inkişaf etdirilir.

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq.

O da məlumdur ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsinə sanballı töhfələr verən Azərbaycan, həmçinin dənizin karbohidrogen resurslarının qarşılıqlı əməkdaşlıq çərçivəsində işlənməsi istiqamətində bir ilkə imza atdı.  Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı “Dostluq” yatağı zəngin neft-qaz ehtiyatlarına malikdir. Ötən ilin yanvarında Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı. Təbii ki, bu kimi sənədlər sahilyanı dövlət arasında əlaqələrin inkişafına işıq salır. Sözügedən sənədin imzalanması bir daha sübut etdi ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Ümumilikdə sahilyanı  dövlətlər  Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfələr verirlər.